“Endirimli check-up" kampaniyaları nə dərəcədə güvənlidir? - HƏKİM AÇIQLADI

18 Sentyabr 2025 17:25 (UTC+04:00)

Son illərdə müxtəlif özəl klinikalar tərəfindən təklif olunan "endirimli check-up" kampaniyaları çox populyarlaşıb. Bəzən 300-400 manatlıq tibbi müayinələrin 70-80 manata qədər endirimlə təqdim olunduğunu görürük. Bu isə təbii olaraq insanlarda sual doğurur: Bu qədər ucuz olan müayinələr nə dərəcədə güvənlidir və effektlidir?

Məsələ ilə bağlı həkim-terapevt Aynurə Rzayeva SİA-ya açıqlamasında bildirib ki, sözügedən endirimlərin səbəbi müxtəlif ola bilər.

Onun sözlərinə görə, bu endirimlər müştəri cəlb etmək üçündür:

“Bəzən klinika özünü tanıtmaq istəyir və müştəriləri müxtəlif endirimli paketlərdə cəlb edir. Amma çox vaxt bu cür kampaniyalarda müayinələrin sayı və çeşidi azaldılır – yəni siz tam yox, sadəcə bir neçə əsas analiz verirsiniz. Elə yerlər var ki, həkim məsləhəti paketə daxil olmur. Amma əksər müayinələr demək olar ki, düzgün nəticə göstərir. Yəni endirimli check-up faydalı ola bilər, amma diqqətli olmaq lazımdır”.