“Suverenlik hər bir dövlətin arzuladığı və həyata keçirmək istədiyi ali məqsədlərdən biridir. Azərbaycan xalqı yüz illik fasilədən sonra 1991-ci ildə bərpa etdi. Ancaq iki ilimiz təəssüf ki, daxili çəkişmələrə sərf olundu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra isə Azərbaycan suverenliyini sözün əsl mənasında həyata keçirməyə başladı: “Bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla həyata keçiririlir. Azərbaycan müstəqil daxili və xarici siyasət həyata keçirir. Dövlətimiz hazırda özü öz problemlərini həll etmək nümunəsini ortaya qoydu və bundan sonra da qoyacaq. Bu gün müstəqillik və dövlətçiliyimiz Azərbaycan vətəndaşının daha yaxşı, təhlükəsiz və firavan yaşaması üçündür. Bu istiqamətdə də çox ciddi işlər görülür.
Daxili siyasətimizə kimlərinsə müdaxilə etməsinə imkan vermirik, xarici siyasətdə milli maraqlarımıza uyğun addımlar atılır. Azərbaycan beynəlxalq aləmdə nüfuza malik olan ölkədir. Demək olar ki, hər həftə bu və ya digər ölkə rəhbəri ölkəmizə səfər edir. Beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. İdman sahəsində mühüm uğurlarımız var və MDB oyunlarının bu günlərdə Azərbaycanın bir neçə şəhərində keçirilməsi dövlətimizin artan nüfuzunu göstərir. Eyni zamanda xalqla dövlət arasında çox sıx birlik var. Hər kəs müstəqillik, suverenliyimizin qorunmasında özünü siyasi əsgər hesab edir. Biz birlikdə olmaqla müstəqilliyimizin qorunmasına töhfə verir və daha da güclənirik”.