“Azərbaycan 2020-ci ilin payızında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının mühüm bir hissəsini – Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər əraziləri işğaldan azad etdi. Bu müharibə Azərbaycanın tarixi ədaləti bərpa etməsi və beynəlxalq hüquqa əsaslanan suveren hüquqlarını bərpa etməsi baxımından mühüm bir dönüş nöqtəsi oldu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, buna baxmayaraq, bəzi bölgələr – xüsusilə Xankəndi, Xocavəndin bir hissəsi, Ağdərə və ətraf ərazilər hələ də separatçı qüvvələrin və onların havadarlarının nəzarəti altında qalmaqda davam edirdi:
“Bu ərazilərdə qeyri-qanuni silahlı birləşmələr mövcudluğunu qoruyub saxlayır, təxribatlar törədir və Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə qarşı müxtəlif təxribat xarakterli hərbi hücumlar həyata keçirirdilər. Bundan əlavə, həmin ərazilərdə yaşayan erməni əsilli əhali üzərində təsir və nəzarət separatçılar və Ermənistan tərəfindən davam etdirilir, bölgədəki sabitliyə və reinteqrasiya prosesinə maneələr yaradılırdı. Bütün bunlar Azərbaycanın tam suverenliyinin və ərazi bütövlüyünün bərpasına əngəl törədirdi. Azərbaycan üçün bu vəziyyət qəbuledilməz idi, çünki ölkə yalnız bütün beynəlxalq tanınmış sərhədləri daxilində tam nəzarəti təmin etdikdə öz suverenliyini tam mənada bərpa etmiş sayılırdı.Bu reallıq fonunda, 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələri lokal xarakterli antiterror tədbirləri həyata keçirməyə qərar verdi. Bu əməliyyatların məqsədi bölgədəki qeyri-qanuni silahlı birləşmələrin tamamilə zərərsizləşdirilməsi, konstitusiya quruluşunun bərpası və separatçılığın kökünün kəsilməsi idi. Əməliyyatlar qısa zaman ərzində uğurla həyata keçirildi və separatçı qüvvələr təslim olmağa məcbur oldular”.
Politoloq fikirlərinə davam edərək həmçinin qeyd edib ki, antiterror tədbirləri nəticəsində Azərbaycan nəinki Xankəndi, Xocavənd və Ağdərə kimi mühüm strateji ərazilərə nəzarəti bərpa etdi, həm də bölgədə qanunçuluğu və konstitusiya əsaslarını bərqərar etdi:
“Bununla da Azərbaycan Respublikası öz ərazi bütövlüyünü tam şəkildə təmin etdi və dövlət suverenliyini bütün Qarabağ ərazisində bərpa etdi. Bu hadisə Azərbaycanın müasir tarixində mühüm bir mərhələ olmaqla yanaşı, eyni zamanda regionda davamlı sülh, təhlükəsizlik və inkişaf üçün yeni imkanlar yaratdı. Azərbaycan dövləti bəyan etdi ki, ərazi bütövlüyü təmin olunduqdan sonra bölgədə yaşayan erməni əsilli vətəndaşların reinteqrasiyası üçün bütün zəruri addımlar atılacaq və onların hüquqları Azərbaycan Konstitusiyası çərçivəsində qorunacaq”.