İndi çinlilər Rusiyada qız-gəlin qoymayacaqlar, hamısını alıb aparacaqlar..?

18 Sentyabr 2025 22:05 (UTC+04:00)

...Rusiyalı deputat Svetlana Jurova bəyan edib ki, Rusiya ilə Çin arasında vizasız rejimin tətbiqi rusiyalı arvad axtaran çinli kişilərin əhəmiyyətli axınına səbəb ola bilər.

...Hazırda Çində kişilərin sayı qadınların sayından çoxdur ki, bu da ailə qurmaq üçün müəyyən problemlər yaradır. Belə ki, Rusiya vizasız rejim tətbiq edəndə çinli kişilər bizə arvad axtarmağa gələcəklər.

SİA-nın məlumatına görə, deputat bunu yerli nəşrlərə verdiyi müsahibəsində bildirib.

Jurova həmçinin vizasız rejimin potensial iqtisadi faydalarını qeyd edib.

Onun sözlərinə görə, mövcud turizm sistemi Çinin Rusiyaya səyahətindən vergilərin Çində qalması ilə nəticələnir və yeni siyasət bunu dəyişə bilər.

...Çin ruslar üçün Misir və Türkiyəni əvəz edən yeni populyar turizm məkanına çevrilə bilər.

Bu, hazırda ən məşhur turizm məkanı deyil, lakin ölkənin çoxəsrlik tarixi var.

Bundan başqa, Çində bir neçə iqlim zonası var, ona görə də siz təkcə isti dənizkənarı iqlimdə deyil, həm də xizək kurortlarında istirahət edə bilərsiniz.

Bunları da Jurova deyib.

Xatırladaq ki, Rusiya ilə Çin arasında sentyabrın 15-dən etibarən Rusiya vətəndaşlarına standart pasportla Çində 30 günə qədər qala biləcək vizasız rejim qüvvəyə minib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Çin hökumətinin sözçüsü Li Honçjonqla görüşü zamanı Çin vətəndaşları üçün vizasız rejim tətbiq etmək planlarını təsdiqləyib.

Əli Babayev