""Formula-1" Azərbaycanın idman ölkəsi kimi imicini təsdiqləyir" - ŞƏRH EDİLDİ

18 Sentyabr 2025 15:46 (UTC+04:00)

""Formula 1"in ölkəmizə verdiyi iqtisadi xeyir əsasən turist axınının artması ilə bağlıdır. Bu, Azərbaycanın daha geniş tanınmasına səbəb olur və eyni zamanda iqtisadi canlanmalar yaradır, gəlir köçürmələrini stimullaşdırır". Bu sözləri SİA-ya açıqlamasında sabiq olimpiya çempionu İlham Zəkiyev deyib.

Onun sözlərinə görə, belə böyük beynəlxalq tədbirlərin keçirilməsi yerli bizneslər üçün əlavə imkanlar yaradır, hotellər, restoranlar və turizm xidmətləri fəaliyyətini genişləndirir: "Eyni zamanda idman sahəsi üçün də "Formula-1" kimi nüfuzlu və prestijli yarışın Bakıya gətirilməsi böyük əhəmiyyət kəsb edir. Dünyada futboldan sonra ən populyar idman növü hesab olunan "Formula-1" həm yerli idman ictimaiyyətinin, həm də xarici tamaşaçıların diqqətini cəlb edir. Bu yarış, Azərbaycanın idman ölkəsi kimi beynəlxalq imicini bir daha təsdiqləyir və ölkəmizin inkişaf göstəricilərini ortaya qoyur.

Sürücülərin bacarığı, onların yüksək peşəkarlığı və maşınları yüksək sürətdə idarə etmə qabiliyyəti isə illərlə toplanmış zəhmətin nəticəsidir. Tamaşaçılar üçün bu yarışlar həm əyləncəli, həm də informativ olur, sürət həvəskarları isə öz maraqlarına uyğun olaraq bu hadisəni izləmək üçün gəlirlər. Beləliklə, "Formula-1" təkcə idman tədbiri deyil, həm də ölkəmizin iqtisadi və mədəni həyatına mühüm töhfə verən bir platformadır. Bu yarışlar Azərbaycan üçün həm turist cəlb edir, həm də beynəlxalq arenada ölkənin nüfuzunu artırır, eyni zamanda gənc idmançılar üçün motivasiya rolunu oynayır".