"Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyənin Azərbaycana rəsmi səfəri regional və beynəlxalq səviyyədə mühüm siyasi, iqtisadi və strateji əhəmiyyət daşıyır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Onun sözlərinə görə, heç şübhəsiz ki, bu səfər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə keçirilmiş görüşlər, imzalanmış sənədlər və verilmiş bəyanatlarla münasibətlərə yeni məzmun və hədəflər qazandırmış oldu:
"Həmçinin səfər çərçivəsində imzalanmış sənədlər iki ölkə arasında ticarət, investisiya, enerji, nəqliyyat və innovasiya sahələrində əməkdaşlığın hüquqi əsaslarını möhkəmləndirir. Azərbaycan və BƏƏ beynəlxalq iqlim gündəliyində də fəal mövqe tutur. BƏƏ-nin COP28, Azərbaycanın isə COP29 sammitinə ev sahibliyi etməsi bu sahədə tərəfdaşlığın qlobal platformaya daşındığını göstərən bariz nümunədir. Artıq hər iki ölkə arasında ekoloji təşəbbüslərin və texnoloji transferin inkişafı üzrə razılaşmalar əldə olunmuşdur. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayedin məhz Şuşa şəhərinə səfəri isə Azərbaycanın ərazi bütövlüyünə verilən açıq və qətiyyətli dəstəyin təzahürüdür. Həmçinin bu səfər Azərbaycanın post-münaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə apardığı bərpa və quruculuq siyasətinin beynəlxalq səviyyədə tanındığını təsdiq edən önəmli məqamdır.
BƏƏ kimi nüfuzlu bir dövlətin bu səviyyədə siyasi və iqtisadi dəstək nümayiş etdirməsinin Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsinə, eləcə də Azərbaycanın regional lider kimi mövqeyinin daha da güclənməsinə töhfə verdiyini istisnasız olaraq qeyd edə bilərik. Nəticə etibarilə, bu səfər yalnız ikitərəfli əlaqələrin inkişafı nöqteyi-nəzərindən deyil, eləcə də regional geosiyasi dinamikanın formalaşması kontekstində strateji əhəmiyyət kəsb edir. Ona görə də, Azərbaycan-BƏƏ münasibətlərinin artıq strateji tərəfdaşlıq müstəvisinə yüksəlmiş və qarşılıqlı etimada əsaslanan uzunmüddətli əməkdaşlıq modelinə çevrildiyini aydın şəkildə ifadə etmək mümkündür".