ABŞ-a birbaşa uçuşların bərpası Moskva üçün prioritet olaraq qalır

17 Sentyabr 2025 21:18 (UTC+04:00)

Moskva Vaşinqtonla münasibətlərində birbaşa uçuşların bərpası məsələsinə yönəlib, lakin ABŞ-dan hələ ki, adekvat reaksiya yoxdur.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Ryabkov jurnalistlərə müsahibəsində Rusiya tərəfinin əlavə səylər göstərdiyini, müvafiq qurum və strukturların prosesə cəlb edildiyini vurğulayıb. O, ümid etdiyini bildirib ki, “qıcıqlandırıcı” adlandırılan məsələlər üzrə ikitərəfli məsləhətləşmələrin bərpası Vaşinqtonda daha konstruktiv münasibət yaranacaq. Bu da, məsələnin həllində real irəliləyişə imkan verəcək.

Diplomat, həmçinin qeyd edib ki, gələcəkdə iqtisadi xarakterli məsələlər, o cümlədən sanksiya mövzusu da müzakirə olunacaq. Bununla belə, nazir müavini vurğulayıb ki, Rusiya sanksiya rejiminin ləğvi və ya yumşaldılması ilə bağlı müzakirələrə dair heç bir təşəbbüs irəli sürməyəcək. Çünki Moskva məhdudlaşdırıcı tədbirləri qeyri-qanuni, qeyri-legitim və əsassız hesab edir.