Xankəndi, Xocalı, Xocavənd, Ağdərə də yeni inkişaf dövrünü yaşayır - Vüqar Rəhimzadə

17 Sentyabr 2025 18:23 (UTC+04:00)

Dövlət başçısı İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamına uyğun olaraq 20 Sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilir. Tarixi Zəfərimizi, suverenliyimizin tam bərpasını əbədiləşdirmək, şəhər günlərini təsis etmək məqsədilə atılan bu mühüm addım həm 30 illik işğal, həm 44 günlük İkinci Qarabağ müharibəsi və bir günlük antiterror tədbirlərinin həyata keçirildiyi dövrün, həm də Böyük Qayıdış Proqramına əsasən bu ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin və soydaşlarımızın qayıdışının təqdimatında əhəmiyyətli rol oynayır. Ötən il 20 sentyabr tarixində Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edən dövlət başçısı İlham Əliyev Universitetin müəllim və tələbə heyəti ilə görüşündə Azərbaycanın 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra inkişaf və quruculuq dövrünü yaşadığını önə çəkərək bildirdi ki, quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr - Zəfər Günümüzdür. Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Xankəndi şəhərindən xalqa müraciətində bir daha vurğuladı ki, biz bu qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili vurğulayıb ki, Azərbaycan hər bir hədəfə ardıcıllıqla nail olaraq gələcəyə daha böyük inamla addımlayır. Suverenliyimizin bərpasından ötən iki ildə Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə həyata keçirilən genişmiqyaslı işlərə, soydaşlarımızın bu torpaqlara qayıdışına diqqət yetirməklə xalqımızın nə qədər qurucu xalq olduğunu görür, bundan böyük qürur hissi keçiririk. Prezident İlham Əliyevin bu günlərdə Xocalı, Xocavənd rayonlarına, Xankəndi şəhərinə səfəri çərçivəsində Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə qeyd etdiyi kimi, necə ki, müharibədə döyüşmüşük, vuruşmuşuq, eləcə də sülh şəraitində qurub-yaradırıq. Ermənilər bizim torpaqlarımızı viran qoyublar. Kənd və şəhərləri yerlə-yeksan etmişdilər. Özlərinin yaşadıqları şərait elə idi ki, necə deyərlər, özünə hörmət edən insan heç vaxt orada yaşamazdı. Amma görün, biz beş il ərzində şəhərlər, kəndlər, körpülər, tunellər, su anbarları, elektrik stansiyaları qurmuşuq. Yəni, burada – Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur. Əsas odur ki, Azərbaycan xalqı rahat, xoşbəxt, sülh içində yaşasın.

Vüqar Rəhimzadə qeyd edib ki, azad edilmiş digər torpaqlarımız kimi, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə də yeni inkişaf dövrünü yaşayır, dirçəlir, mərhələ-mərhələ sakinlərini qarşılayır. Bugünümüzün qürurverici hadisələrindən biri də budur ki, yalnız paytaxt Bakımız deyil, azad edilmiş torpaqlarımız da beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkana çevrilir. Bu baxımdan Xankəndi şəhəri də xüsusi diqqət çəkir. Bu il ənənəvi Şuşa Qlobal Media Forumu Xankəndi şəhərində keçirildi. Həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə Xankəndi şəhəri ev sahibliyi etdi. 2023-cü il dekabrın 21-də Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirdi. Prezident İlham Əliyev dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən görüşü izlədi. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun idi.

Milli Məclisin deputatı bildirib ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxardı. Bu məqsədlə Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradıldı. Ötən ilin 20 sentyabr tarixində Qarabağ Universitetinin təmirdən sonra açılışı oldu. Bu il sentyabrın 14-də dövlət başçısı İlham Əliyev Xocalı, Xocavənd rayonlarına və Xankəndi şəhərinə səfəri çərçivəsində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak etdi. Qarabağ Universitetində Klinikanın yaradılması, həmçinin Tibb və sağlamlıq elmləri fakültəsinin fəaliyyətə başlaması yeni dövrün çağırışlarına uyğun peşəkar tibb mütəxəssislərinin hazırlanması istiqamətində atılmış mühüm addımlardan biridir. Digər tərəfdən, klinikada həyata keçiriləcək elmi tədqiqatlar Qarabağ Universitetinin akademik nüfuzunun və beynəlxalq reytinqinin artmasına, eləcə də ölkəmizdə tibb elminin inkişafına öz töhfəsini verəcək. Bütün bunlar, eyni zamanda, xarici tələbələrin də bu ali təhsil ocağına marağını artıracaq.

Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin Xankəndiyə, Xocavəndə, Xocalıya, Ağdərəyə çoxsaylı səfərlərinə diqqəti yönəldərək bu səfərlərin hər birinin Böyük Qayıdış Proqramının uğurlu icrasında böyük rola malik olduğunu vurğulayıb. Ötən ilin 28 May-Müstəqillik Günündə Xocalı şəhəri sakinlərinə qovuşdu. Bununla yanaşı Xocalı, Xocavənd, Ağdərə rayonlarının kəndləri mərhələ-mərhələ sakinlərini qarşılayıb və qarşılayır. Suverenliyimizin bərpasından sonrakı dövrün əlamətdar, qürurverici hadisələrindən biri budur ki, müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Dövlət başçısı İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs vermələri tarixi hadisəyə çevrildi. Azad edilmiş bütün ərazilərimizin həyatında möhtəşəm günlər saysızdır. Xalqımız bu sevinci onlara yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza hər zaman minnətdarlığını ifadə edir.