"Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana səfəri və iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamənin və daha 15 sənədin imzalanması Bakı və Əbu-Dabi arasında münasibətlərdə yeni mərhələ hesab olunmalıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, bu, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri liderləri arasında il ərzində 3-cü görüşdür və bu dəfəki təmasların Qarabağda baş tutması özlüyündə önəmli rəmzi məna daşıyır:
"Bu, eyni zamanda Azərbaycanın bölgədə hərbi-siyasi yolla yaratdığı yeni reallığın və ümumilikdə region üçün yaranan tarixi sülh imkanlarına ərəb dünyasının və bütövlükdə beynəlxalq münasibətlər sisteminin önəmli subyekti olan Birləşmiş Ərəb Əmirliklərinin açıq dəstəyi deməkdir. Digər tərəfdən, cari əməkdaşlıq bütövlükdə region üçün ciddi siyasi və iqtisadi hadisədir. Aparılan müzakirələr və imzalanan sənədlər göstərir ki, Birləşmiş Ərəb Əmirlikləri regiona əlverişli investisiya mühiti kimi baxır və Azərbaycanla hərtərəfli strateji əməkdaşlığı özünün regionda maraqlarının bərabərhüquqlu əsaslarla təmini üsulu kimi görür. Bu səfər və onun nəticələri Azərbaycan-BƏƏ münasibətlərində yeni bir mərhələnin, yəni "hərtərəfli strateji tərəfdaşlıq" dövrünün başlanğıcını qoyur. Bu, sadəcə diplomatik ritorika deyil, konkret layihələr, qarşılıqlı investisiya təşəbbüsləri, enerji və nəqliyyat sahələrində əməkdaşlıq, həmçinin regional və beynəlxalq məsələlər üzrə koordinasiyanın dərinləşməsi deməkdir. Beləliklə, bu münasibətlər modeli həm Cənubi Qafqazda, həm də Yaxın Şərqdə qarşılıqlı maraqlara əsaslanan uğurlu və sabit tərəfdaşlığın nümunəsi kimi çıxış edə bilər".