Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 127 milyon manat vəsait daxil olub

17 Sentyabr 2025 16:12 (UTC+04:00)

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 126,9 milyon manat vəsait daxil olub. SİA xidmətin yaydığı məlumata istinadla xəbər verir ki, bu ilin yanvar-avqust ayları ərzində 34 hərrac keçirilib. Hərraclarda 5 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 690 nəqliyyat vasitəsi özəlləşdirilib.

Cari ilin yanvar-avqust ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 96,6 milyon manat təşkil edib.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-avqust ayları ərzində 426-sı qeyri-yaşayış, 2728-i torpaq sahələri üzrə olmaqla 3154 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 30,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.