“Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən ölkələrdən biridir“ - ŞƏRH OLUNDU

17 Sentyabr 2025 16:00 (UTC+04:00)

“Azərbaycan dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verən ölkələrdən biridir və bunun nəticəsidir ki, geniş İslam coğrafiyasında, o cümlədən də Birləşmiş Ərəb Əmirliklərində ölkəmizə böyük rəğbət bəslənilir. Son illərdə dövlətimizin başçısının Ərəb Liqasının mötəbər tədbirlərinə fəxri qonaq qismində dəvətlər alması da bunun əyani sübutudur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, Azərbaycan BMT, İslam Əməkdaşlıq Təşkilatı ilə yanaşı, digər regional və beynəlxalq qurumlar çərçivəsində də Birləşmiş Ərəb Əmirlikləri ilə sıx əməkdaşlıq edir: “Təsadüfi deyil ki, əmirlik 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Bu dövrdən başlayaraq iki ölkə arasında əlaqələr müxtəlif sahələrdə inkişaf edib. İllər ötdükcə, bu münasibətlər yüksəliş tendensiyasını qoruyub saxlayıb və son illər ərzində iki dövlət arasında ticarət nəzərəçarpacaq dərəcədə artıb. 2011-ci ildə isə BƏƏ-nin Bakıda səfirliyinin açılması münasibətləri daha da möhkəmləndirib. BƏƏ Prezidentinin 2024-cü ildə ilk xarici səfərini Bakıya etməsi isə yüksək xətlə inkişaf edən münasibətlərin kulminasiya nöqtəsi hesab edilə bilər.

İndi də BƏƏ Prezidentinin Azərbaycana səfərinin iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsində yeni səhifə açacağı şübhəsizdir. Səfər çərçivəsində imzalanan sənədlər də bunu sübut edir. Məlum olduğu kimi "Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə", işçi qüvvəsinin mütəşəkkil qaydada müvəqqəti işə cəlb olunması sahəsində əməkdaşlıq haqqında, nəqliyyat sahəsində əməkdaşlıq haqqında, enerji sahəsində əməkdaşlıq haqqında, turizm əməkdaşlığı haqqında, Azərbaycan-BƏƏ Birgə Biznes Şurasının yaradılması haqqında, 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının icrası üzrə əməkdaşlıq haqqında və o cümlədən də yaşıl enerji zonalarında əməkdaşlıq haqqında Anlaşma Memorandumları imzalanıb.

Bununla yanaşı "Bakı Gəmiqayırma Zavodu" MMC ilə "Əbu-Dabi Limanları Şirkəti" ASC arasında iki ədəd konteyner gəmisinin tikintisinə və satışına dair Müqavilə", "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə "Presight" şirkəti arasında təhsildə süni intellektin (Aİ) istifadəsinin artırılması sahəsində Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə XRG ASC arasında Cənub Qaz Dəhlizində investisiya haqqında Anlaşma Memorandumu" və "Azərbaycan İnvestisiya Holdinqi ilə "Əbu-Dabi inkişaf Holdinq Şirkəti" ASC arasında "Azər-Türk Bank"ın sərmayələşdirilməsi haqqında Anlaşma Memorandumu" imzalanıb.

Göründüyü kimi iki ölkə arasında siyasi dialoqun yüksələn xətt üzrə inkişafına adekvat olaraq ölkələrimiz qarşılıqlı maraqlar əsasında müxtəlif sahələr üzrə əlaqələri də genişləndirir. Təbii ki, xüsusilə də enerji sahəsində genişlənən əməkdaşlıq məmnunluq doğurur. Abşeronda, Naxçıvanda, işğaldan azad olunmuş ərazilərdə böyük yaşıl enerji potensialına malik olan Azərbaycan bu sahənin inkişafına, bərpaolunan mənbələrdən enerji alınmasına xarici investisiyaların cəlb olunmasına güclü siyasi iradə nümayiş etdirir. İndiyədək Azərbaycanın Energetika Nazirliyi ilə ayrı-ayrı xarici şirkətlər arasında müxtəlif layihələr üzrə investisiya müqavilələri imzalanıb. Bu sırada BƏƏ-nin “Masdar” şirkəti də xüsusi yer tutur. Deyilənlər onu sübut edir ki, BƏƏ Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında həm diplomatik, həm iqtisadi, həm də digər sahələrdə yüksək xətlə inkişaf edən tendensiyanı dəstəkləyəcək və daha da inkişaf etdirəcək”.