Peskov “Gerasimov haradadır?” sualına cavab verməyə məcbur olub...

17 Sentyabr 2025 20:54 (UTC+04:00)

...Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynadakı müharibə ilə bağlı gərgin iş qrafikinə görə Vladimir Putinlə keçirilən “Zapad-2025” təlimlərinin yekun mərhələsində iştirak etməyib.

Deməli, SİA-nın məlumatına görə, bunu prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

...Xüsusi hərbi əməliyyat gedir və bu əməliyyatın ümumi koordinasiyasını təbii ki, Baş Qərargah rəisi həyata keçirir, - deyə Peskov bildirib. O əlavə edib ki, Putin “ümumiyyətlə” təlimlərin “irəliləyişini və nəticələrini” müsbət qiymətləndirib.

Xatırladaq ki, Rusiya prezidenti bir gün əvvəl, sentyabrın 16-da Nijni Novqorod vilayətindəki Mulino poliqonunda keçirilən manevrlərdə iştirak edib. Putini müdafiə naziri Andrey Belousov, onun müavini Yunus-Bek Yevkurov və Dövlət Şurasının katibi Aleksey Dyumin müşayiət edib.

Bu arada, Kremlyönlü jurnalisti Andrey Kolesnikovun yazdığına görə, "hamı Gerasimovu axtarırdı", lakin Baş Qərargahı təlimlərdə Quru Qoşunlarının baş komandanı general Andrey Mordviçev təmsil edirdi.

Kolesnikovun sözlərinə görə, manevrləri başa vurduqdan və silah sərgisinə baxış keçirdikdən sonra Putin Dyuminlə “on dəqiqə”, Mordviçevlə isə “daha ​​çox” danışmağa qayıtdı. ...Yalnız bu üç nəfər bilir ki, bu iki söhbət nədən gedirdi. Amma ola bilsin ki, hamı tezliklə öyrənsin, - Kolesnikov yekunlaşdırıb.

Bundan əvvəl Gerasimov Zapad təlimlərinin hamısında iştirak etmişdi. 2009-cu ildə o, Moskva Hərbi Dairəsinin komandiri vəzifəsində çalışıb. 2013, 2017 və 2021-ci illərdə Gerasimov Baş Qərargah rəisi kimi Putin və müdafiə naziri Sergey Şoyqu ilə birlikdə Zapad təlimlərində iştirak edib.

Gerasimov 2012-ci ildən Baş Qərargah rəisi postunu tutur - bu postsovet dövründə ən uzun vəzifə tutan məmurdur. Onun rəhbərliyi altında Rusiya 2014-cü ildə Krımı ilhaq edib, 2015-ci ildə Suriyada hərbi kampaniyada iştirak edib, 2022-ci ildə isə Ukraynaya genişmiqyaslı işğala başlayıb. 2023-cü ilin yanvarından Gerasimov Ukraynada Birgə Qüvvələr Qrupuna komandanlıq edib. Onun rəhbəri Sergey Şoyqunun müdafiə naziri Andrey Belousov tərəfindən dəyişdirilməsindən sonra da o, Baş Qərargah rəisi vəzifəsində qalıb.

Əli Babayev