“2023-cü il 19 sentyabr tarixində Azərbaycan Respublikası Qarabağ iqtisadi rayonu ərazisində erməni silahlı birləşmələri tərəfindən törədilən genişmiqyaslı təxribatların qarşısını almaqla, ərazidə suverenliyini bərpa etmişdir”. Bu sözləri Milli Məclisin deputatı Tahir Rzayev SİA-ya açıqlamasında bildirmişdir.
O, qeyd etmişdir ki, bu hadisə yalnız dövlətin konstitusiya qurluşunun qorunması deyil, həm də müasir Azərbaycan tarixində mühüm dönüş nöqtəsi olmuş, milli yaddaşımızda şanlı səhifə kimi yer almışdır: “Qeyri-qanuni silahlı dəstələrin zərərsizləşdirilməsi və bölgədə separatizmin ləğvi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi düşünülmüş hərbi-strateji planların, ordumuzun hərbi qüdrətinin, xalqımızın milli birliyinin və iqtisadi potensialımızın nəticəsi kimi qiymətləndirilir. Bununla yanaşı, Azərbaycanın beynəlxalq nüfuzu, dost ölkələrin mənəvi dəstəyi və xalqımızın mübarizlik iradəsi ölkəmizin qəti qələbəsini şərtləndirmişdir.
2023-cü 15 oktyabr tarixində Xankəndi, Xocalı, Əsgəran, Xocavən və Ağdərə şəhərlərində üçrəngli bayrağımızın ucaldılması, eləcə də 8 noyabrda Vətən müharibəsində əldə olunan zəfərin üçüncü ildönümü münasibətilə Xankəndində keçirilən hərbi parad Azərbaycanın tam suverenliyinin təsdiqini göstərdi. Onun əraziləri bütöv, xalqı isə qalib xaldır. Prezident İlham Əliyevin bu paraddakı çıxışı isə həm siyasi, həm də ideoloji baxımdan əhəmiyyət daşıyırdı. O, 20 il öncə xalqına verdiyi vədi xatırladaraq, ərazi bütovlüyünün bərpası üçün əzmlə çalışacağını bildirmiş və bu tarixi vədi reallaşdırmışdır. Beləliklə, Azərbaycanın dövlətçilik tarixində baş verən bu hadisələr həm siyasi, həm hərbi, həm də sosial aspektlərdə milli gücün təzahürü kimi qiymətləndirilir və ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasının bariz nümunəsi kimi yadda qalır”.