"İdmana verilən dəyər beynəlxalq səviyyədə görünür" - İDMANÇI DANIŞDI

17 Sentyabr 2025 15:13 (UTC+04:00)

""Formula" yarışlarının Azərbaycan üçün görünməyən xeyirləri var". Bunu SİA-ya açıqlamasında Qadın karateçilərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Şahin Xudaverdiyev deyib.

Onun sözlərinə görə, bəzən insanlar düşünür ki, bu yarışların burada keçirilməsi artıqdır: "Amma əslində elə deyil. Düzdür, şəhərdə müəyyən sıxlıq yarana bilər, bəzi yolların bağlanması ola bilər. Amma buna baxmayaraq, "Formula" yarışları dünyada çox məşhur bir idman növüdür. Bu yarışlar həm çox bəyənilir, həm də izlənilir. Bu da ölkəmizin dünyada tanınmasına və inkişafına səbəb olur. Həmçinin, idmana verilən dəyər də beynəlxalq səviyyədə görünür. Hər birimiz bilirik ki, ölkə başçımız idmana nə qədər dəyər verir və onun inkişafında nə qədər fəal olub. Bu yarışların keçirilməsi daha çox reklam xarakteri daşıyır – yəni ölkənin tanınması, demokratik və mədəni bir ölkə kimi təqdim olunması baxımından böyük əhəmiyyət kəsb edir. Burada başqa söz ola bilməz. Azərbaycanın bütün dünyaya tanınması üçün bu yarışların böyük rolu var. Eyni zamanda, bizim idmançılarımız da ölkəmizi hər yerdə layiqincə təmsil edirlər.

"Formula" yarışları milyonlarla insan tərəfindən izlənilir və çoxlu ölkələrin maraq dairəsindədir. Ona görə də bu yarışların keçirilməsi ölkəmiz üçün müsbət nəticələr verir. Bu gün ölkəmizin xarici siyasəti, prezidentimizin apardığı diplomatik fəaliyyət, demək olar ki, idmanı da əhatə edir və bu sahədə əldə olunan uğurlar ölkəmizin nüfuzunu daha da artırır".