Məktəblərdə telefon QADAĞASI: NƏLƏR DƏYİŞƏCƏK? - TƏHSİL EKSPERTİ AÇIQLADI

17 Sentyabr 2025 13:08 (UTC+04:00)

Məktəblərdə mobil telefonların istifadəsinə yenidən məhdudiyyətlər tətbiq olunacaq. Artıq ağıllı telefonlar dərs zamanı tamamilə qadağan ediləcək, yalnız zəng funksiyası olan adi telefonlardan istifadə mümkün olacaq. Məqsəd şagirdlərin diqqətini dərsə yönəltmək və məlumatı biliyə çevirməyə kömək etməkdir.

Maraqlıdır ki, bu qadağa bütün yaş qruplarını əhatə edəcək? Bəs, bu qərar uşaqların təhsilinə necə təsir edəcək?

Məsələ ilə bağlı təhsil ekspeti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, bu qərarın əsas səbəbi kimi bəzi yuxarı sinif şagirdlərinin müəllimləri icazəsiz çəkib sosial şəbəkələrdə yayması, yaxud digər şagirdlərə qarşı təzyiq və şantaj məqsədilə video və foto çəkilişlər etməsi göstərilir:

"Həqiqətən də bu cür halların artması cəmiyyətdə narahatlıq doğurur və təhsil mühitinə mənfi təsir göstərir. Lakin bu qadağa nə dərəcədə effektiv və ədalətlidir? Düşünürəm ki, bu qərar, əsasən, bəzi neqativ hallar səbəbilə verilib və ümumi yanaşma kimi hər bir şagirdə şamil olunması birmənalı qarşılanmamalıdır. Çünki texnologiyanın, xüsusilə də smartfonların həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə uşaqların ondan tamamilə məhrum edilməsi hər zaman müsbət nəticə verməyə bilər. Əslində, problem telefonda deyil, onun necə və nə məqsədlə istifadə olunmasındadır. Əgər telefon düzgün istiqamətdə istifadə olunursa — dərslə bağlı məlumat axtarışında, tədris tətbiqlərində və ya təcili ailəvi əlaqə üçün — bu zaman onun məktəbə gətirilməsində ciddi bir qəbahət yoxdur. Əksinə, bu, uşağın məsuliyyət hissini formalaşdırmaq və texnologiyanı idarə etmə bacarığını inkişaf etdirmək üçün bir fürsət ola bilər. Məktəblərdə bu məsələ ilə bağlı alternativ yollar da düşünülə bilər. Məsələn, hər bir sinif otağında telefonların saxlanılması üçün xüsusi yerlər ayrıla bilər. Dərs zamanı telefonlar orada saxlanar, tənəffüsdə və ya dərs bitdikdən sonra şagirdlər onlara nəzarətli şəkildə çata bilər. Beləliklə, həm texnoloji vasitələrə tam qadağa qoyulmaz, həm də dərs prosesinə mane olan halların qarşısı alınar. Düşünürəm ki, məktədə şagirdlərij telefona istifadə qadağasının tətbiqi çox çətin olacaq".