Avropa liderləri Putin - Zelenski görüşündən niyə qorxurlar?

17 Sentyabr 2025 13:13 (UTC+04:00)

Mətləb Salahov: “Onlar Ukraynadakı müharibənin davam etməsini istəyirlər – milyardlarla dollarlıq silah pulları, siyasi və ticari maraqları üçün”

“Artıq Ukrayna müharibəsində gizlin qalan bir çox sirlər üzə çıxır. Bu müharibədə silah ticarətindən qazanılan milyardlar da, Qərbdəkilərin Rusiyaya qarşı ukraynalıları canlı qalxana çevirmələri də, Ukraynalıları deyil, öz siyasi və ticari maraqlarını öndə tutmaları da. Mənim yadımdadır, Donald Tramp hakimiyyətə gələr-gəlməz ilk araşdırdığı iş Qərb liderlərinin və o zamankı ABŞ Prezidenti Co Baydenin Ukraynaya silah yardımı adı ilə slavyan torpağında “sildikləri” fantastik silah pulları oldu. Əslində D.Trampa dəqiq məlum idi ki, o zamankı ABŞ Administrasiyası və qərbdəkilər Ukraynada milyardlıq “yardımlarla” yemlənirlər. Təsəvvür edin ki, Ukraynaya yardım üçün Qərb dövlətlərinin rəsmi açıqlamalarında göstərilən milyard dollarlıq rəqəmlər, həttdə üçüncü və dördüncü dünya müharibələrinə belə bəs edəcək qədər çoxdur. Bu qədər silah-sursat və milyard dollarlar balaca Ukraynanın harasına “xərcləndi” getdi?”
Bu barədə SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. M.Salahov qeyd edib ki, bu gün də həmin Qərb liderləri Volodimir Zelenskini Moskvadakı həmkarı ilə sülh danışıqlarına oturmağa imkan vermirlər.
“Diqqət edin, azacıq sülh mövzusu yaranan kimi Qərbdəkilər “dəyənək diplomatiyasına” əl atırlar. Elə dünən səhər Avropa Parlamentinin sədri Robert Metsola Ukraynaya səfər edib. Var gücləri ilə V.Zelenskini bir an da olsun nəzarətsiz buraxmırlar. Açıq-aşkar görünür ki, Aİ rəhbərləri hazırda Ukraynanı qoca qitə üçün Rusiyaya qarşı canlı qalxan kimi görürlər və var gücləri ilə bu prosesin uzanmasına çalışırlar. Vəziyyət o yerə çatıb ki, həttda V.Zelenski belə "Sky News"-a müsahibəsində dilə gəlib ki, “özünüzü deyil, Ukraynanı düşünün”. “Onların hər gün hansı sanksiyaların tətbiq olunacağı ilə bağlı apardıqları ticarətlər bizə çoxlu həyat bahasına başa gəlir. Bu, ədalətsizlikdir”. Artıq bu o deməkdir ki, V.Zelenski Qərbdəkiləri Vladimir Putinlə siyasi “bazarlıq” üçün Ukraynanı alət etməkdən əl çəkməyə çağırır. Amma tam əminəm ki, Aİ rəhbərləri bu iyrənc siyasətdən bir addım da geri çəkilməyəcəklər. Hələ üstəlik V.Zelenskini bir başqası ilə dəyişmək hesabına da olsa, bu vəziyyəti saxlamağa və Ukraynadan “qidalanmağa” davam edəcəklər. Bu, həm də Ukraynanın tarixi bəxtsizliyidir.”