Nazirlər Kabineti "Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası"nın təsdiq edilməsi haqqında" 1 may 2024-cü il tarixli qərarında dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Azərbaycanda "enerji balansı" ilə bağı işçi qrupunun tərkibi genişləndirilib. Belə ki, "Enerji balansı"nın layihəsinin tərtib edilməsi və icrasına nəzarət məqsədilə yaradılmış işçi qrupunun tərkibinə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Neft Şirkəti, "Azərenerji", "Azərişıq" və "Azəristiliktəchizat" ASC-lərlə birlikdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi də daxil edilib.
Energetika Nazirliyi hər il iyun ayının 1-dək "enerji balansı"nın layihəsini tərtib etməli, layihəni İqtisadiyyat Nazirliyi,
Maliyyə Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə razılaşdıraraq Nazirlər Kabinetinə təqdim etməlidir.
"Enerji balansı"nın layihəsində dəyişiklik edilməsi zərurəti yarandığı təqdirdə Enegetika Nazirliyi bu barədə təklifləri və enerji balansının yenilənmiş layihəsini İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə razılaşdırmaqla noyabrın 1-nə qədər Nazirlər Kabinetinə təqdim etməlidir.