İqlim dəyişikliyi ölkədə sel riskini artırır? - EKOLOQ AÇIQLADI

16 Sentyabr 2025 16:28 (UTC+04:00)

Payız fəsli yaxınlaşdıqca yağıntıların miqdarı artır və bəzi bölgələrdə sel və daşqın təhlükəsi gündəmə gəlir. Hidroloqlar bildirirlər ki, bu hadisələr müəyyən dövriliyə malik olmasa da, xüsusilə intensiv yağışlar nəticəsində daha çox baş verir. İqlim dəyişiklikləri isə son illərdə sel və daşqınların tez-tez müşahidə olunmasına səbəb olur.

Maraqlıdır, iqlim dəyişikliyi ölkədə sel riskini artırır?

Məsələ ilə bağlı ekoloq Qorxmaz İbrahimli SİA-ya açıqlamasında bildirib ki, iqlim dəyişikliklərinin hazırki yağışla heç bir əlaqəsi yoxdur: "Yay fəslinin sonlarından etibarən yağış yağdıqda neçə ay quraqlıq olduğuna görə sel yarada bilər. Adətən sel yazda çox yağıntılar zamanı olur, yayda isə havanın quru keçməsi ilə bərabər anidən soyuq hava kütləsinin daxil olması nəticəsində ölkə ərazisində bir çox yerlərdə yağıntı müşahidə olundu. Ona görə də belə zamanlarda sel yarana bilər. Belə hallarda, xüsusilə şəhər mühitində ya daşıyıcı sistemlərin qeyri-kafi olması səbəbindən, ya da təbii landşaftın pozulması nəticəsində suyun axını çətinləşir və nəticədə sel və daşqınlar baş verir. Sel hadisələrinin qarşısının alınması və ya təsirlərinin minimuma endirilməsi üçün yalnız texniki tədbirlərlə kifayətlənmək olmaz. Bu məsələdə ekoloji tarazlığın qorunması böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, insanlar yaşıllıqların qorunmasına, meşə zolaqlarının salınmasına və ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirməlidirlər. Artıq payız fəslinə daxil oluruq və bu fəsildə yağıntıların olması təbii haldır. Lakin payız yağıntıları da hazırlıqsız ərazilərdə daşqınlara səbəb ola bilər".