"Azərbaycan Prezidenti cənab İlham Əliyev işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər edərək həm orada aparılan böyük meqa layihələrin açılışlarında, həm də nəhəng infrastruktur layihələrinin təməlqoyma və açılış mərasimlərində iştirak edir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
O bildirib ki, Qarabağın bərpası və yenidən qurulması prosesini ölkə başçısı şəxsən özü izləyir və bu işlərə birbaşa nəzarət edir: "Bu prosesin mühüm tərkib hissəsi Böyük Qayıdışdır. Azad olunmuş ərazilərdə salınan infrastruktur obyektləri, keçmiş məcburi köçkünlərin öz doğma ata-baba yurdlarına sürətli və təhlükəsiz şəkildə qayıdışının təmin edilməsi bu gün Azərbaycan dövlətinin əsas prioritet siyasətlərindən biridir.
Prezident İlham Əliyevin azad olunmuş ərazilərə səfərləri zamanı keçmiş məcburi köçkünlərin evlərində qonaq olması, onlarla səmimi söhbətlər aparması və görüşlər keçirməsi ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Onun həmin ərazilərdəki çıxışları isə dünyaya verilən mühüm mesajdır. Azərbaycan dövləti həm siyasi, həm də iqtisadi qətiyyətini nümayiş etdirərək göstərir ki, biz öz tarixi ata-baba yurdlarımıza sahib çıxırıq, bu ərazilərə əbədi və daimi şəkildə qayıdırıq və burada məskunlaşırıq.
Xüsusilə də 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin beşilliyi ərəfəsində həyata keçirilən bu tədbirlər xüsusi önəm daşıyır. Prezidentin Şuşakənddə keçmiş məcburi köçkünlər qarşısındakı çıxışı həm simvolik, həm də siyasi baxımdan böyük əhəmiyyət kəsb edir. O, Azərbaycanın siyasi və hərbi qətiyyətindən bəhs edərək dünyaya bir daha mesaj verdi: Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Separatçılıq, terrorçuluq və işğalçılıq bölgədən birdəfəlik silinib. Bu, Azərbaycanın müstəqil və suveren hüququ idi və dövlət bu hüquqdan qətiyyətlə istifadə etdi. Qarşıda daha böyük quruculuq işləri dayanır və heç bir şübhə yoxdur ki, bu proses davam edəcək. Yenidən qurulan şəhər və kəndlərimiz öz sakinlərini gözləyir. Böyük Qayıdış prosesi də məhz bu bərpa işləri ilə paralel şəkildə həyata keçiriləcəkdir".