“Kənd təsərrüfatı sektorunda müsbət nəticələrin şahidi olmalıyıq“ - İQTİSADÇI DANIŞDI

15 Sentyabr 2025 16:09 (UTC+04:00)

"İşğaldan azad olunmuş ərazilərdə ötən beş il ərzində görülən işlər sözsüz ki, təqdirəlayiqdir və çox geniş məzmunlu işlər görülür. Sosial, humanitar, iqtisadi müstəvidə ölkəmizin imkanları genişlənir. Eyni zamanda bütövlükdə dövlətimizin bölgədə və dünyadakı nüfuzuna müsbət təsirlər göstərir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.

O bildirib ki, bir çox istiqamətlər üzrə investisiya layihələrinin reallaşdırılması ilə bağlı artıq müsbət nəticələr var: “Eyni zamanda sosial müstəvidə, iqtisadi və humanitar sahələrdəki innovativ yanaşmaların tətbiq olunması da çox önəmlidir. Nəzərə almaq lazımdır ki, dövlət müvafiq struktur təminatı ilə bağlı geniş məzmunlu işlər reallaşdırır. Eyni zamanda tədricən özəl daxili investisiyaların da rolu artmalıdır. Bununla yanaşı texnologiyaların idxalı istiqamətində də müvafiq işlərin reallaşdırılması milli istiqadiyyatın inkişafına müsbət təsirlər göstərəcək.

Məhsuldar qüvvələrin lazım olan formatda yerləşdirilməsi, sosial müstəvidə müvafiq işlərin görülməsi ilə bağlı artıq müsbət nəticələr əldə olunur. Həmçinin kənd təsərrüfatı sektorunda da müsbət nəticələrin şahidi olmalıyıq. Çünki kənd təsərrüfatının inkişafı müasir şəraitdə insan faktoru ilə çox sıx bağlıdır. Müvafiq kadr hazırlığı, insan kapitalına yönəlmiş investisiyanın artımı kənd təsərrüfatı sektorunun inkişafına müsbət təsir göstərəcək. Bu isə yerli və xarici bazarların yerli məsullarla təminatında öz müsbət təsirlərini göstərəcək. Bütün bunlar isə öz növbəsində milli iqtisadiyyatın qabaqlayıcı inkişafına müsbət təkanlar verməlidir”.