"20 Sentyabr - Neftçilər Günü, 1994-cü ildə "Əsrin Müqaviləsi"nin bağlandığı gündür". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.
O bildirib ki, bu müqavilə nəticəsində ölkəmizdə neft sektorunda yeni bir dövr başladı və sonradan Neftçilər Günü kimi qeyd olunmağa başladı: "Həmin müqavilə Azərbaycana milyardlarla dollar vəsaitin gəlməsinə, həmçinin dünyanın əhəmiyyətli ölkələrindən neft şirkətlərinin ölkəmizə cəlb olunmasına səbəb oldu.
Daha sonra Bakı–Tbilisi–Ceyhan neft boru kəmərinin çəkilməsi həyata keçirildi. Ardınca indiki qaz layihələri, o cümlədən Cənub Qaz Dəhlizi və "Şahdəniz" yatağının istismarı başlandı. Bu layihələrin hamısı Əsrin Müqaviləsinin nəticəsi və sonrakı əməkdaşlığın məhsulu kimi ortaya çıxdı.
Ümumiyyətlə, Azərbaycanın bu gün gəlirlərinin 90%-i neft və qaz sektorundan əldə olunur. Yəni, ölkəmiz xaricə əsasən neft və qaz sataraq böyük maliyyə gəlirləri qazanır. Bu gəlirlər dövlətin xərclərinin ödənilməsinə, biznesin maliyyələşdirilməsinə və dövlətin müxtəlif öhdəliklərinin icrasına sərf olunur.
Bütün bunlar göstərir ki, Azərbaycan pis-yaxşı nə əldə edibsə, bu layihələr və onların uğurlu nəticələri sayəsində əldə edilmişdir. Əsrin Müqaviləsi və ondan sonrakı layihələr ölkəmizin iqtisadi inkişafında mühüm rol oynamış, həmçinin Azərbaycanın enerji sahəsində strateji mövqeyini daha da gücləndirmişdir".