“Böyük Qayıdış milli birliyin təntənəsidir” - ŞƏRH OLUNDU

15 Sentyabr 2025 14:47 (UTC+04:00)

“Prezident İlham Əliyevin Füzuli, Xocalı və Xocavəndə səfəri, burada sakinlərlə səmimi görüşü Böyük Qayıdış prosesinin təkcə dövlət siyasəti deyil, həm də milli birliyin təzahürü olduğunu bir daha nümayiş etdirdi. İşğaldan azad edilmiş torpaqlarda həyatın bərpası, sakinlərin doğma yurdlarına dönüşü, yeni infrastrukturun qurulması və təhlükəsiz yaşayış mühitinin yaradılması bu prosesin əsas sütunlarını təşkil edir. Dövlət başçısının birbaşa iştirakı ilə həyata keçirilən bu səfərlər bölgələrin inkişafına siyasi və mənəvi dəstək verir, vətəndaşların qayıdışa olan inamını daha da möhkəmləndirir. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki, Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər və genişmiqyaslı quruculuq işləri artıq öz real nəticələrini verməkdədir: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tikinti və infrastruktur layihələrinin ardıcıl və uğurlu icrası bu bölgələrin sürətlə dirçəlməsinə və həyatın yenidən canlanmasına zəmin yaradıb. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər və genişmiqyaslı quruculuq işləri artıq öz real nəticələrini verməkdədir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tikinti və infrastruktur layihələrinin ardıcıl və uğurlu icrası bu bölgələrin sürətlə dirçəlməsinə və həyatın yenidən canlanmasına zəmin yaradıb. Sentyabrın 14-də Prezident İlham Əliyevin Xocavənd rayonunun sakinləri ilə görüşdə səsləndirdiyi fikirlər Böyük Qayıdışın həm ideoloji, həm də praktiki əsaslarını ortaya qoyur. “Biz bütün dünyaya sübut etmişik ki, güclü xalqıq, iradəli xalqıq” deyən dövlət başçısı bu sözlərlə yalnız hərbi qələbəni deyil, eyni zamanda işğaldan azad edilmiş torpaqlara sülh yolu ilə həyatın qaytarılmasını da nəzərdə tutur.
Deputat bildirib ki, Böyük Qayıdış təkcə köç prosesi deyil, bu, həm də milli ruhun, tarixi ədalətin və hüquqi əsasların bərpasıdır. Prezidentin “Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi” fikri isə Azərbaycanın müstəqil və qətiyyətli siyasətinin bariz nümunəsidir. Dövlət başçısının bu səfərləri və verdiyi mesajlar bir daha sübut edir ki, Azərbaycan xalqı yalnız döyüş meydanında deyil, quruculuq və dirçəliş sahəsində də qalibdir. 2026-cı ilin sonunadək “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzura 140 min vətəndaşın köçürülməsi planlaşdırılır ki, bu da Azərbaycanın artan iqtisadi gücü, sosial planlaşdırma imkanları və siyasi iradəsinin bariz göstəricisidir. Bu, təkcə miqrasiya prosesi deyil, həm də illərlə işğal altında qalmış ərazilərin sosial-iqtisadi reabilitasiyası, təhlükəsiz, davamlı və ləyaqətli yaşayış üçün şəraitin yaradılması deməkdir. Hazırda azad olunmuş bir çox ərazilərdə keçmiş məcburi köçkünlər məskunlaşıb. Bununla yanaşı, bu bölgələrdə dövlət qurumlarının yerli nümayəndəlikləri fəaliyyət göstərir, müxtəlif sahələr üzrə mütəxəssislər - müəllimlər, həkimlər, mühəndislər, sahibkarlar, turizm işçiləri və ictimai xidmət əməkdaşları daimi əsaslarla burada çalışır və yaşayır. Ümumilikdə, 50 minə yaxın insan artıq bu ərazilərdə həyatına davam edir ki, bu da Böyük Qayıdış prosesinin yalnız başlanğıc mərhələsi olmaqla yanaşı, real və davamlı uğurların əyani təsdiqidir. Bu məskunlaşma və inkişaf strategiyası Azərbaycanın gələcək üçün yaratdığı sabitlik, sosial ədalət və vətəndaş rifahı modelinin bir parçasıdır.

Deputat əlavə edib ki, bu gün Azərbaycan xalqının sarsılmaz iradəsini Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında aydın şəkildə görürük. Hər zaman irəlini hədəfləyən, strateji baxışla gələcəyə hesablanmış addımlar atan Azərbaycan bu gün təkcə regionda deyil, qlobal miqyasda da etibarlı tərəfdaş, təşəbbüskar dövlət kimi tanınır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və inkişaf proqramları, “Böyük Qayıdış” çərçivəsində reallaşan sosial layihələr, beynəlxalq sülh və əməkdaşlıq təşəbbüslərindəki fəal iştirak ölkəmizin artan nüfuzunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən məqsədyönlü siyasət Azərbaycanın dayanıqlı inkişafını təmin etməklə yanaşı, onu yeni dövrün çağırışlarına cavab verən güclü və müasir dövlət kimi formalaşdırır”.