"Şəhərdaxili velosiped yollarının mövcudluğu, yəni velosipedi bir nəqliyyat növü olaraq təşviq etmək yalnız havanın çirklənməsinin azalması ilə məhdudlaşmır. Bu infrastruktur həm də şəhər mühitinin davamlı inkişafına, insanların sağlam həyat tərzinə və sosial münasibətlərin formalaşmasına mühüm töhfə verə bilər". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Bəxtiyar deyib.
O bildirib ki, velosiped istifadəsi nəqliyyatın balanslaşdırılmasına və avtomobil asılılığının azalmasına təkan verir: "Bu nəqliyyat növünə üstünlük verilməsi atmosferə atılan yanacaq tullantılarının azalması ilə yanaşı, səs-küy çirklənməsinin minimuma enməsinə də şərait yaradır. Nəticədə şəhərin ekoloji yükü azalır və daha yaşıl, dayanıqlı mühit formalaşır.
Velosiped sürmək insanların gündəlik həyatında əlavə fiziki aktivlik imkanı yaradır, ürək-damar xəstəliklərinin, obezitenin və stresin qarşısını almağa kömək edir. Açıq havada hərəkət həmçinin psixoloji sağlamlığı gücləndirir və insanlara əhval-ruhiyyə baxımından da müsbət təsir göstərir. Eyni zamanda, bu infrastruktur sosial münasibətlərə də müsbət təsir göstərir. Velosiped əlçatan və iqtisadi baxımdan sərfəli nəqliyyat vasitəsi olduğu üçün müxtəlif sosial qrupları birləşdirir, bərabərlik və ünsiyyət mədəniyyətini gücləndirir. Beləliklə, velosiped yolları yalnız ekoloji təmizlik baxımından deyil, həm də sağlam həyat tərzi və sosial həmrəyliyin formalaşması baxımından vacib amildir".