"Valideyn himayəsindən məhrum uşaqlar fərdi və sosial baxımdan xüsusi çətinliklər yaşayırlar. Cəmiyyətdə onların psixoloji inkişafı, normal ailədə böyüyən uşaqların inkişafından xeyli fərqlənir. Bu fərq emosional inkişafda, şəxsiyyət inkişafında, sosial münasibətlərdə, təhsil yönümlü və terapevtik yanaşmalarda özünü göstərir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Səbinə Bəşirzadə deyib.
Onun sözlərinə görə, ilkin olaraq bu uşaqların psixoloji dəstəklə inkişaf etdirilməli əsas məqam onların öz dəyər normativləri və şəxsiyyətlərinin formalaşmasında digər uşaqlarla müqayisədə geridə qalmasıdır. Onlarda belə düşüncələr formalaşır: “Niyə mənim valideynim yoxdur?”, “Mən nə etmişdim ki, valideynim məni tərk etdi?”. Bu kimi düşüncələr onların şüuraltısında öz dəyər hissinin zəifləməsinə səbəb olur və nəticədə uğur qazanmaqda, öz bacarıqlarını inkişaf etdirməkdə, şəxsiyyət kimi tanınmaqda çətinlik çəkirlər: "Bu uşaqlar sosial mühitdə - sinifdə, dost mühitində, auditoriyada - özlərini təsdiqləmək və hörmət qazanmaq kimi proseslərdə də problemlərlə qarşılaşırlar. Emosional inkişaf baxımından isə bilirik ki, uşaqla ana-ata arasında olan bağ, sonradan digər insanlarla da sağlam əlaqələr qurmaq üçün əsasdır. Lakin bu uşaqlar valideynlərindən uzaq qaldıqları yaş dövründən asılı olaraq ya kiməsə həddindən artıq bağlanır, ya da ümumiyyətlə heç kimə bağlanmaq istəmirlər.
Bu səbəbdən onlara psixoloji olaraq davamlı qayğı göstərilməli, məsuliyyət hissi aşılanmalı və etibarlı şəxslərin əhatəsində böyümələri təmin edilməlidir. Eyni zamanda psixoloji dəstək məqsədilə onlara uyğun terapiyaların keçirilməsi də vacibdir. Onlarda “Mən valideynimə layiq deyildim” kimi düşüncələr formalaşır və bu, cəmiyyətə inteqrasiya prosesində böyük çətinliklər yaradır.
Bu düşüncələr onların iç dünyasında aşağıdakı suallara çevrilir: “Mən necə olum ki, cəmiyyət məni qəbul etsin?”, “Necə olum ki, məndən soruşmasınlar: 'Sənin atan-anan haradadır?'”. Bu suallar cavabsız qalırsa, uşaqlarda diqqət çəkmək istəyi ya həddindən artıq sevgi göstərmək, ya da agresiya şəklində ortaya çıxır. Bəzən onlar çox sakit qalır, bəzən isə tam tənha davranırlar.
Bu uşaqların inkişafı üçün müəllimlərin və psixoloqların düzgün terapiyaları çox vacibdir. Lakin bəzən bütün uşaqlar bu psixoloji dəstəyi ala bilmir. Bu halda onları ailə himayəsinə götürən şəxslərin onlara sabit həyat tərzi, yaradıcı fəaliyyət və peşə yönlü dəstək verməsi, güvənli və hörmət edilən böyüklərlə ünsiyyətdə saxlamaq çox faydalı ola bilər. Ən əsası isə bu uşaqlara davamlı sevgi göstərmək, onların şəxsiyyətlərini gücləndirmək və cəmiyyətə sağlam inteqrasiyasını təmin etməkdir".