Nəsimi rayonu 151 nömrəli tam orta məktəbdə Bilik Günü qeyd olunub SİA xəbər verir ki, tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli bu il ümumi təhsil müəssisələrində ilk dərsin “Konstitusiya və Suverenlik İli”nə həsr olunduğunu vurğulayıb. İldən-ilə məktəblərin yüksək nəticələrinin artdığını qeyd edən nazir müavini bu nailiyyətin müəllimlərin zəhmətinin nəticəsi olduğunu söyləyib.
Məktəbin direktor əvəzedicisi Salihə Məmmədova təhsil ocağının yeni təmirdən çıxmasına diqqət çəkib. Bildirib ki, yeni məktəbdə müasir avadanlıqlarla təhciz edilmiş sinif otaqları şagirdlərin daha keyfiyyətli təhsil almasına xidmət edəcək.
Sahilə Məmmədova ötən tədris ilində məktəbin 44 məzunundan 32-nin ali məktəbə qəbul olduğunu qeyd edib: “Məktəbdə ümumilikdə 598 şagird təhsil alır. Yeni tədris ilində 1-ci sinfə qəbul üzrə Azərbaycan bölməsi üzrə 21, rus bölməsi üzrə 22 şagird təhsil alacaq. Həmçinin 53 nəfər 9-cu sinif, 44 nəfər isə 11-ci sinifdə təhsil alacaq”.
Xatırladaq ki, yeni tədris ilində ölkə üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq cəlb edilib.
2025–2026-cı tədris ilində ümumilikdə 1,6 milyon şagird təhsil alacaq. Onların 130 mindən çoxu birinci sinifdə, 552 mini ibtidai, 796 mini ümumi orta, 246 mini isə tam orta təhsil səviyyəsində oxuyacaq.
Məktəbəqədər təhsildə 226 min, peşə təhsilində 40 min, orta ixtisas təhsilində 63 min, ali təhsildə isə 246 min nəfərin təhsil alacağı nəzərdə tutulur.