Azərbaycanda sosial şəbəkələrin yeni kralı “Instagram” oldu - TƏHLİL

12 Sentyabr 2025 12:04 (UTC+04:00)

Media Təhlil Mərkəzinin (MTM) "Statcounter" agentliyinin 2024-cü ilin yekunları ilə bağlı açıqladığı son məlumatlar əsasında apardığı təhlilə görə, azərbaycanlı istifadəçilər arasında bütün platformalar üzrə (mobil, kompüter, planşet və s.) ən çox istifadə olunan sosial şəbəkə “Instagram”dır (35,3% ilə). SİA xəbər verir ki, halbuki, bu sosial şəbəkənin bazar payı 2020-ci ildə 17,1%, 2016-cı ildə isə cəmi 0,2% olub.

Son dövrlərdə sürətlə bazar payını itirən “Facebook” 2024-cü ildə ölkəmizdə 24,9% paya sahib olub və yalnız “Instagram”dan geri qalıb.

Lakin, öncəki statistik göstəricilərə baxsaq, “Facebook” sosial şəbəkəsinin daim lider olduğunu görə bilərik. Daha dəqiq desək, hətta, 2016-cı ildə “Facebook” 87,9%- lik rekord bazar payı ilə ən yüksək nəticəyə sahib olub.

2024-cü ildə “Pinterest” 17,0% bazar payı ilə üçüncü sırada qərarlaşıb. 2016-cı ildə cəmi 1,2% pay sahibi olan bu şəbəkə 2020-ci ildə 24,2% bazar payına yüksəlib.

Ötən ilin statistikasına əsasən, digər məşhur sosial şəbəkələrdən olan “X” (Twitter ) və “Youtube” isə müvafiq olaraq 6,5% və 11,7% bazar payına sahib olub.

Aparılan təhlil zamanı məlum olub ki, 2025-ci ilin əvvəlindən sentyabr ayının 7-sinə qədər olan müddətdə də ölkədə ən çox istifadə olunan sosial şəbəkə 33,6% ilə məhz “Instagram” olub.

İkinci sırada 27,7% ilə “Facebook” sosial şəbəkəsi yer alıb. 16,4% ilə “Youtube” ilk üçlükdə qərarlaşa bilib.

Əsasən əl işləri, dekorasiya, moda və kreativ ideyaların paylaşıldığı “Pinterest” şəbəkəsi 11,7% ilə dördüncü, siyasi paylaşımların yer aldığı “X” şəbəkəsi isə 6,4%-lə beşinci pilləni zəbt edib.

“Reddit” və “Linkedin” sosial şəbəkələri isə müvafiq olaraq 2,0% və 1,4% bazar payı ilə son sıralarda qərarlaşıb. Adı çəkilməyən digər sosial şəbəkələrin isə toplamda bazar payı 0,9% təşkil edib.