Andı Vətən olanlar…

11 Sentyabr 2025 18:15 (UTC+04:00)

Onlar sabitlik adasının keşikçiləridir

Onların həyat hekayələri ilə tanış olduqdan sonra bir daha əmin oldum ki, başlama səbəbləri müxtəlif olsa da, müharibə heç vaxt arzulanmır. Məsələn, boş qalan yelləncəkdə körpə bir uşağın yerinə top mərmisini heç kim təsəvvür etmək istəməz. Güllələrin mələkləri belə perik saldığı göylərdə quşlar heç vaxt uçmaz. Əsgər çəkmələri torpağı sığallamaz. Halbuki, o çəkmələrin sahibi son nəfəsində belə saçlarında ana sığalını hiss etmək istəyər.

Bu illər ərzində ən səmimi müsahiblərim də onlar oldular. Yaşadıqlarını elə danışdılar ki, özümü onlarla eyni səngərdə döyüşürmüş kimi hiss etdim. Elələri də oldu ki, tək bircə cümlə ilə kifayətləndi: "Danışa bilmirəm, şükür qələbə qazandıq!"...

Vətəni atası, anası bilən qəhrəmanlarım onun hüzurunda həmişə fərəqətdədirlər. Hər əmrini sözsüz icra etməyə hazırdılar, sonu ölüm olsa belə.

Dünən Vətən çağıranda əsgər şineli geyinib səfərbər olunan oğullar bu gün sıramızda polis mundirində bizimlə çiyin-çiyinədir. Müzəffər Ali Baş Komandanın tapşırığına uyğun olaraq paytaxtda və yerlərdə keçirilən vətəndaş qəbullarında gəncliyi odlardan keçənlərə daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazovun sıramıza gəlin çağırışı öz bəhrəsini verir.

Gənclərə öz bacarıqlarını inkişaf etdirmək, ən ümdəsi, əsl vətəndaş kimi dövlətə, dövlətçiliyə xidmət etmək üçün yaradılan şəraitdən bu günə kimi yüzlərlə gənc yararlanıb. Onlar bu gün sıramızda Azərbaycan Polisi adı ilə qürur duyub, inamla addımlayırlar.

Onlardan biri də Vətən müharibəsi iştirakçısı, Ağsu RPŞ-nin Post-Patrul Xidməti Bölüyünün əməkdaşı polis serjantı Fərid Qurbanovdur. O, 10.07.2000-ci ildə İsmayıllı rayonunun Qubaxəlilli kəndində doğulub. 2006-cı ildə şəhid Sahib Həsənov adına Qubaxəlilli tam orta məktəbinə qəbul olunub, 2017-ci ildə bitirib. 2018-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ildə həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra könüllü olaraq müddətdən artıq hərbi xidmət keçmək üçün ordu sıralarında xidmətini davam etdirib.

Vətən müharibəsi başlayanda sevinib. Adını eşidib, özünü görmədiyi torpaqları azad etmək üçün silaha sarılıb. Füzuli, Cəbrayıl, Laçın və Murovdağ istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Deyir ki, Vətən müharibəsində və müharibə bitdikdən sonra düşməndən təmizlənmiş, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Polisinin, DİN-in hərbi qulluqçularının fədakarlığının, ən çətin şəraitdə hansı çətinliklərin öhdəsindən gəldiyinin şahidi olub. 2023-cü ildə hərbi xidmətdən tərxis olunub. Elə həmin il də daxili işlər orqanlarında xidmət etmək üçün DİN-ə müraciət edib. Müraciətinə həssaslıqla yanaşılıb. Dünən Azərbaycan əsgəri idi, bu gün Azərbaycan Polisidir.

“Düşməndən azad etmək üçün döyüşdüyüm Vətən torpaqlarına bu gün Azərbaycan Polisi kimi ayaq basanda kövrəlirəm. Gözlərimin önündən mənimlə bir səngərdə döyüşən və şəhidlik zirvəsinə ucalan döyüşçü yoldaşlarım keçir. Bilirəm ki, onların ruhu şaddır. Bilirəm ki, torpaqlarımızın işağaldan azad olunmağı onların doğmaları üçün ən böyük təskinlikdir”…

O, səngərdədir, asayişin, sabitliyin səngərində. Məsuliyyətli bir görəvdə dünən olduğu kimi, bu gün də ayıq-sayıqdır. Etimada layiq xidməti vətəndaş məmnunluğu ilə də müşahidə olunur. Barəsində şöbə rəisi polis polkovniki Oruc Əmiraslanov bunları dedi: “Polis serjantı Fərid Qurbanov çox çalışqan, səmimi, verilən tapşırıqların öhdəsindən layiqincə gələn bir əməkdaşdır”.

Həmkarımız Müzəffər Ali Baş Komandanın əmri ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlınınn azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Ötən müddət ərzində daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazovun 02.12.2024-cü il tarixli əmri ilə “Əla xidmətlərə görə” döş nişanı ilə təltif edilib.

Hafiz Təmirov
polis polkovniki

Sözardı: Bu fikirləri də yazmağı özümə borc bildim. Polis serjantı Fərid Qurbanov bu günlərdə Ağsu rayonunda çətin vəziyyətdə qalan Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım briqadasının da köməyinə çatmışdı.