Son zamanlarda insanlardan onları xaricdə işə düzəltmək adı ilə pul alıb dələduzluq edənlərin sayı çoxalıb. Bəs, belə hallarda dələduzluq edən şəxsi hansı məsuliyyət gözləyir?
Məsələ ilə bağlı hüquqşünas Şəms Mirzəyeva SİA-ya açıqlamasında bildirib ki, bu cür şəxslər adətən öz məqsədlərini həyata keçirmək üçün rəsmi görünüşlü şirkətlər yaradır, həmin şirkətlərin adı altında fəaliyyət göstərərək vətəndaşların etimadını qazanmağa çalışırlar:
"Belə qurumlar əslində heç bir real fəaliyyət göstərmədən, yalnız vətəndaşları aldatmaq üçün yaradılır. Onlar tez-tez öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, rəsmi sənədlərə yalan məlumatlar daxil edir, saxta müqavilələr, sənədlər və lisenziyalar hazırlayırlar. Bu üsulla insanlara yüksək maaşlı iş vədləri verərək, onları xaricdə işə düzəldəcəklərinə inandırırlar. Vətəndaşlar isə belə hallarla qarşılaşmamaq üçün bir sıra vacib məsələlərə xüsusi diqqət yetirməlidirlər. Əvvəla, əməkdaşlıq etməyi planlaşdırdıqları şirkətin hüquqi statusunu yoxlamalı, onun Ədliyyə Nazirliyində qeydiyyatda olub-olmadığını, vergi ödəyicisi kimi qeydiyyatdan keçib-keçmədiyini araşdırmalıdırlar. Şirkətin təqdim etdiyi sənədlərin, lisenziyaların və qeydiyyat nömrələrinin etibarlı olub-olmadığı dəqiqləşdirilməlidir. Həmçinin, şirkətin əvvəlki fəaliyyətləri, digər vətəndaşlarla olan əlaqələri, ictimai rəylər və şikayətlər öyrənilməlidir. Hər hansı əməkdaşlıq yalnız rəsmi müqavilə əsasında qurulmalıdır. Bu müqavilədə tərəflərin hüquq və öhdəlikləri, görüləcək işin şərtləri, ödəniş məbləğləri və qaydaları, məsuliyyət məsələləri aydın şəkildə qeyd edilməlidir. Əgər müqavilə xarici dildə tərtib olunubsa, onun Azərbaycan dilində rəsmi tərcüməsi və notarial qaydada təsdiqlənməsi tələb olunmalıdır. Çox vaxt bu cür dələduzlar müqavilə bağlamaqdan yayındıqları üçün vətəndaşlar buna xüsusi diqqət yetirməlidirlər. Bütün bu proseslərdə vətəndaşların hüquqlarını qorumaq məqsədilə hüquqşünas və ya vəkilin iştirakı tövsiyə olunur. Peşəkar hüquqi yardım həm sənədlərin düzgünlüyünü qiymətləndirməkdə, həm də hər hansı dələduzluq əlamətini vaxtında aşkar etməkdə mühüm rol oynayır. Vəkil, təqdim olunan sənədlərin hüquqi baxımdan əsaslı olub-olmadığını müəyyən edə, vətəndaşı mövcud risklər barədə məlumatlandıra bilər. Əksər hallarda vətəndaşlardan əvvəlcədən müəyyən məbləğdə ödəniş tələb olunur. Belə hallarda ödənişlər yalnız rəsmi bank hesablarına edilməli, bütün qəbzlər və ödənişi təsdiq edən sənədlər mütləq şəkildə saxlanmalıdır. Ödənilən məbləğ müqavilədə aydın şəkildə göstərilməli və onun müqabilində nə kimi xidmətin göstəriləcəyi dəqiqləşdirilməlidir. Nəğd ödənişlərdən mümkün qədər çəkinmək, hər şeyin sənədlərlə təsdiq olunmasına çalışmaq lazımdır".
Hüquqşünas fikirlərinə davam edərək həmçinin qeyd edib ki, əgər vətəndaş bu kimi hallarda aldadıldığını hiss edərsə və ya artıq dələduzluğa məruz qalıbsa, dərhal hüquq-mühafizə orqanlarına – polisə və ya prokurorluğa müraciət etməlidir:
"Belə hallarda zərərçəkmiş şəxs bütün sübutedici materialları – müqavilələri, qəbzləri, yazışmaları və digər sənədləri təqdim etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, dələduzluq yolu ilə vətəndaşa xeyli miqdarda ziyan vurulması 5 ildən 10 ilədək, külli miqdarda zərər vurulması isə 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası ilə nəticələnə bilər.
Bu baxımdan, vətəndaşlar xüsusilə diqqətli olmalı, hər hansı yüksək vəd verən, lakin rəsmi sənədləşmə aparmayan şəxslərə və ya qurumlara inanmamalıdırlar. Hüquqi maarifləndirmənin artırılması, belə halların ictimailəşdirilməsi və başqalarının da xəbərdar edilməsi vacibdir. Hər bir şəxs bu tip fırıldaqçılıq halları ilə qarşılaşdıqda, yalnız özünü deyil, digər insanları da xəbərdar etməklə cəmiyyətin ümumi təhlükəsizliyinə töhfə vermiş olur. Hüquqi biliklər, rəsmi prosedurlara əməl və vətəndaş fəallığı bu cür qanunsuz əməllərin qarşısının alınmasında əsas vasitələrdir".