"Proqramların uğurla icra olunması Azərbaycanın nüfuzunu daha da artıracaq" - ŞƏRH EDİLDİ

11 Sentyabr 2025 17:06 (UTC+04:00)

"Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirliyə (AQEM) sədrliyi dövründə dünya siyasətindəki rolunun formalaşdırılması ilə bağlı əsas məqamlar Bakıda keçirilən iclasda da diqqətə çatdırılıb. Burada iqtisadi əməkdaşlıq, rəqəmsallaşma, ekoloji dayanıqlılıq, ərzaq təhlükəsizliyi, mədəni inteqrasiya, innovasiyalar və davamlı inkişaf kimi hədəflər ön plana çəkilib. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev bildirib.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycanın əsas rol oynadığı Orta Dəhliz – logistika və nəqliyyat dəhlizi müasir dünyanın inkişafında mühüm əhəmiyyət kəsb edir. Çünki hazırkı dövrdə siyasi, iqtisadi və ictimai sahələrdə köklü dəyişikliklər baş verir, qloballaşmış iqtisadi tədarük zəncirləri pozulur. ABŞ prezidenti Donald Trampın siyasəti nəticəsində köhnə iqtisadi sistem zəifləyib, yeni sistemin formalaşması isə sürətlənib. Bu yeni düzəndə Cənub və Asiya ölkələrinin rolu xüsusilə önəm qazanır.

Azərbaycanın dünyanın ən böyük iqtisadi güclərindən biri olan Çinlə əməkdaşlığı da diqqətəlayiqdir. Hazırda Azərbaycanın nümayəndə heyəti Çində səfərdədir, bir sıra investisiya proqramları müzakirə olunur və artıq bəziləri üzrə razılıq əldə edilib. Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə iqtisadi əlaqələrin və birgə layihələrin genişlənməsi, gələcəkdə Çinin Avropaya çıxışının məhz Azərbaycan üzərindən – Orta Dəhliz və Zəngəzur dəhlizi vasitəsilə həyata keçirilməsi real perspektiv kimi görünür.

Bununla yanaşı, Şimal–Cənub nəqliyyat yolu da Azərbaycanın strateji əhəmiyyətini artırır. Rusiyadan İrana, oradan isə Fars körfəzinə və Türkiyəyə birbaşa çıxış imkanları Azərbaycanın yeni dünya nizamında körpü rolunu möhkəmləndirir. Ölkənin böyük dövlətlərlə həyata keçirdiyi iqtisadi və investisiya proqramları həm Asiya ilə əməkdaşlığı gücləndirir, həm də Azərbaycanın mövqelərini qlobal miqyasda möhkəmləndirir. Beləliklə, Azərbaycan yalnız region üçün deyil, qlobal miqyasda da önəmli ölkə statusunu daha aydın nümayiş etdirir. Qarşıya qoyulan proqramların uğurla icra olunması yeni dünya nizamında Azərbaycanın nüfuzunu və rolunu daha da artıracaq, ölkəmizin bu prosesdə layiqli yer tutmasına imkan verəcək.