"“Konstitusiya və Suverenlik İli" dövlətçiliyin möhkəmlənməsinə xidmət edir” - ŞƏRH EDİLDİ

11 Sentyabr 2025 16:55 (UTC+04:00)

"Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması dərin siyasi və ictimai məna daşıyan qərardır. Bu təşəbbüs ilk növbədə dövlətçiliyimizin əsas sütunları olan konstitusiya və suverenliyin möhkəmləndirilməsi istiqamətində həm təbliğat, həm də praktiki fəaliyyətin gücləndirilməsinə xidmət edir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, konstitusiya Azərbaycanın müstəqil dövlət kimi siyasi və hüquqi təməlini təşkil edir: "Bu sənəd ölkədə vətəndaşların hüquq və azadlıqlarını təmin edən, dövlətin idarəçilik prinsiplərini müəyyənləşdirən başlıca hüquqi aktdır. Onun əhəmiyyətinin ictimai şüurda daha da gücləndirilməsi demokratik idarəetmənin inkişafı baxımından vacibdir. Bu çərçivədə həyata keçirilən tədbirlər - seminarlar, maarifləndirici layihələr, elmi-praktik konfranslar gənc nəslin dövlətçilik ənənələrinə bağlılığını artırır.

Suverenlik məsələsinə gəldikdə isə Azərbaycanın 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatında əldə etdiyi tarixi qələbə dövlətimizin tam suverenliyinin bərpası ilə nəticələndi. “Suverenlik İli” məhz bu nailiyyətlərin davamlı şəkildə möhkəmləndirilməsi, həm beynəlxalq aləmdə, həm də daxili siyasətdə bu uğurların daha geniş miqyasda təbliğ olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə görülən işlər sırasında işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq prosesləri xüsusi yer tutur. Çünki suverenlik yalnız siyasi bəyanatlarla deyil, real həyatda əhalinin doğma yurdlarına qayıdışı, həmin ərazilərdə sosial-iqtisadi inkişafın təmin edilməsi ilə təsdiqlənir.

Görülməsi vacib olan işlərə isə hüquqi dövlət quruculuğunun daha da təkmilləşdirilməsi, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi, vətəndaşların hüquqi maarifləndirilməsinin gücləndirilməsi daxildir. Həmçinin, Azərbaycanın beynəlxalq müstəvidə suveren dövlət kimi nüfuzunun möhkəmləndirilməsi istiqamətində diplomatik fəaliyyətin intensivləşdirilməsi də prioritet məsələlərdəndir. “Konstitusiya və Suverenlik İli” dövlətimizin strateji inkişaf yolunda yeni mərhələdir. Bu təşəbbüs xalqın dövlətçilik ənənələrinə bağlılığını möhkəmləndirir, hüquqi şüuru gücləndirir və Azərbaycanın gələcək inkişafına mühüm töhfələr verir".