"Yeni tədris ili ilə bağlı hər hansı bir yenilik və ya innovativ işi səsləndirməkdə çətinlik çəkirəm. Hər il olduğu kimi, bu il də sentyabr ayının əvvəllərində müəllimlərin ənənəvi sentyabr konfransları keçirildi və ümumi məsələlər müzakirə olundu. Göründüyü kimi, bu proses hər il olduğu kimi davam edir və hazırda bu istiqamətdə əsas dəyişiklik yoxdur". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elmin Nurizadə deyib.
O bildirib ki, amma bu il diqqət çəkən bir detal da var: "İki gün öncə Süni İntellekt Akademiyasının açılışı oldu və bu, sənaye mühitində gerçəkləşdi. Bu, gələcəkdə təhsildə texnologiyaların tətbiqi və innovasiyaların artırılması üçün ümidverici bir addımdır. Eyni zamanda belə təşəbbüslər müəllimlərin və şagirdlərin tədris prosesinə daha aktiv şəkildə qoşulmasına imkan yaradacaq, tədrisin keyfiyyətini yüksəldəcək.
Əsas məsələ isə şagird davranış qaydalarının tətbiqi və məktəblərdə nizam-intizamın qorunmasıdır. Bu il də məktəblərdə şagirdlərin düzgün vərdişlərə və davranış normalarına yiyələnməsi üçün tədbirlər görüləcək, bu da təhsildə müsbət nəticələr əldə etməyə xidmət edəcək.
Ümumilikdə, yeni tədris ili əvvəlki illərdən fərqli olaraq, texnoloji yeniliklərin və tədris prosesində innovasiyaların daha çox diqqət mərkəzində olduğu bir mərhələyə qədəm qoyur. Bu isə müəllimlər və şagirdlər üçün təhsil mühitinin daha zəngin və müasir olmasına imkan verəcək".