"Yuxusuzluq insan psixologiyasına ciddi mənfi təsir göstərir" - AYDINLIQ GƏTİRİLDİ

11 Sentyabr 2025 15:51 (UTC+04:00)

"Yuxu insan orqanizminin ən vacib fizioloji tələbatlarından biri olmaqla həm psixi, həm də fiziki sağlamlığın qorunmasında həlledici rol oynayır". Bunu SİA-ya açıqlamasında psixoloq Ezgi Şahın deyib.

O bildirib ki, yuxusuzluq insan psixologiyasına ciddi mənfi təsir göstərir və bu, müxtəlif elmi tədqiqatlarla sübut olunmuşdur: "Daimi yuxu çatışmazlığı beynin fəaliyyət ritmini pozur, emosional gərginliyi artırır və nəticədə depressiya, Obsesiv-Kompulsiv Pozuntu kimi psixoloji problemlərin yaranmasına zəmin yaradır.

Yuxusuzluq insanın gündəlik həyat keyfiyyətini aşağı salır, diqqət və yaddaş proseslərini zəiflədir, sosial münasibətlərdə isə aqressiya və əsəbilik hallarını gücləndirir. Qidalanma rejiminin pozulması ilə yanaşı davam edən yuxusuzluq orqanizmin hormonal balansına da mənfi təsir edir və bu da psixoloji sabitliyin pozulmasına gətirib çıxarır. İş mühitinə yuxusuzluğun təsiri də nəzərəçarpandır. Yuxusuzluq zamanı işə adaptasiya olmaq çətinləşir, diqqət dağınıqlığı yaranır, bədən və beyin yorğun olduğu halda işdə səmərəli fəaliyyət göstərmək mümkün olmur.

Yuxusuzluq həm psixoloji, həm də fiziki yorğunluğa səbəb olmaqla gündəlik fəaliyyətləri məhdudlaşdırır. Davamlı yuxu çatışmazlığı insanın diqqətini zəiflədir, adaptasiya qabiliyyətini azaldır və yaradıcılıq imkanlarını məhdudlaşdırır. Sağlam yuxu rejiminin təmin olunması isə həm məhsuldarlığın, həm də ümumi həyat keyfiyyətinin qorunmasında mühüm rol oynayır.

Yuxu insan psixoloji tarazlığının əsas təminatçılarından biridir. Yuxusuzluq insanda əsəbilik, gərginlik və yüksək stress hallarını artırır ki, bu da gündəlik fəaliyyətlərə, sosial münasibətlərə və ümumi həyat keyfiyyətinə mənfi təsir göstərir. Elmi araşdırmalar göstərir ki, yuxunun kifayət qədər olmaması orqanizmdə emosional sabitliyi pozur və insanı daha aqressiv və həssas edir. Buna görə də tam və sağlam yuxunun təmin olunması həm psixi sağlamlığın, həm də sosial adaptasiyanın vacib şərtlərindən sayılır".