"2023-cü ildə Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Onun sözlərinə görə, bu əməliyyat nəticəsində Azərbaycanın bütün ərazilərində Konstitusiyanın təsiri təmin olundu: "Beləliklə, Azərbaycan dövləti öz suveren hüquqlarını tam şəkildə bərqərar etdi.
Ən önəmli məqamlardan biri odur ki, Azərbaycandakı erməni terrorizmi və separatizmi – Rusiyanın layihəsi olmaqla yanaşı, Qərbdəki ermənipərəst dairələrin dəstəyi ilə həyata keçirilirdi. 2023-cü il antiterror əməliyyatı isə bu layihəni – yəni Rusiyanın və qərbli ermənipərəst qüvvələrin ortaq erməni terrorizmi və separatizmi layihəsini birdəfəlik sıradan çıxardı. Nəticədə, bu problem artıq nə Cənubi Qafqazda, nə də Azərbaycan ərazisində mövcud deyil. Eyni zamanda, qərbdəki ermənipərəst qüvvələrin də Azərbaycana qarşı siyasi kampaniya aparmaq imkanları qalmayıb. İndi Rusiya erməni faktoru üzərindən Azərbaycana təzyiq göstərə bilməz. Belə bir mexanizm mövcud deyil. Bu səbəbdən 2023-cü ilin antiterror əməliyyatı Azərbaycan dövlətçilik tarixində qızıl hərflərlə yazılacaq və gələcək nəsillər bu tarixi uğurun əhəmiyyətini daha dərindən dərk edəcəklər".