İngiltərənin Liverpul şəhərində keçirilən boks üzrə dünya çempionatında bütün yarımfinalçıların adlarına aydınlıq gəlib. SİA xəbər verir ki, Azərbaycan millisinin heyətində Alfonso Dominqesin ardınca Səidcəmşid Cəfərov (75 kiloqram) da 1/4 final mərhələsini qələbə ilə başa vurub.
Boksçumuz yarımfinala gedən yolda Pavlo İlliuşa (Ukrayna) ilə qarşılaşıb. Cəfərov rəqibi üzərində 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesablı qələbə qazanıb. Bu qələbə sayəsində Səidcəmşid özü üçün azı bürünc medalı da təmin edib.
O, yarımfinalda özbəkistanlı Fazliddin Erkinboyevlə döyüşəcək. Görüş sentyabrın 12-də keçiriləcək. Həmin gün Alfonso Dominqesin rəqibi isə braziliyalı Santos Ribeyro Filyo olacaq.
Qeyd edək ki, dünya çempionatında bu gün istirahətdir. Mundiala sentyabrın 14-də yekun vurulacaq.