"Əlbəttə, qanunlar kifayət qədər var, sadəcə olaraq yanaşmalar dəyişməlidir. Qanunların icrasına nəzarət üçün mütəmadi olaraq monitorinqlər aparılmalıdır – bu proses kampaniya xarakterli olmamalıdır. Digər tərəfdən, cəmiyyətin, insanların da fəal iştirakı vacibdir". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
O bildirib ki, ictimai iştirakçılıq və sosial nəzarət, bəzən qanunlardan və cərimələrdən daha önəmli rol oynayır: "Cəmiyyət özü-özünü tənzimləyən bir sistem kimi bu məsələləri nizamlamağı bacarmalıdır. Əgər biri ictimai məkanda qeyri-adekvat hərəkət edirsə, tullantını uyğun olmayan yerə atırsa, orada olan insanlar dərhal reaksiya verməlidir. Çünki ekoloji mühit bizim evimizdir. Evdə təmizlik necə ki, vacibdirsə, ictimai yerlərdə də bu, eyni önəmlidir. İnsanlar belə məsələlərə laqeyd yanaşmamalıdır. Əgər biz bu məsələlərə ictimai qınaq və sağlam tənqidlə yanaşsaq, bir müddət sonra ictimai məkanlarımızda bu cür halların sayı azalacaq. Son illərdə bu istiqamətdə müsbət irəliləyişlər var – şəhərimiz səliqəli, abad və təmiz görünür. Amma bu proses dayanmalı deyil, davamlı olmalıdır. Bu baxımdan ictimai iştirakçılıq və sosial nəzarət bir-birini tamamlamalıdır. Sosial media, televiziya və digər informasiya vasitələrində maarifləndirici sosial çarxlar hazırlanmalı, ictimaiyyətin fəal nümayəndələrinin iştirakı təmin olunmalıdır. İnsanlar anlamalıdırlar ki, əgər ictimai qaydalara əməl etməzlərsə, cəmiyyət tərəfindən haqlı olaraq tənqid və qınaqla qarşılaşacaqlar."