Media: Moldova Belarus diplomatını ölkədən çıxarır…

10 Sentyabr 2025 19:45 (UTC+04:00)

...Belarusun Moldovadakı səfirliyinin əməkdaşının Kişinyov hakimiyyəti tərəfindən persona non qrata elan edildiyi iddia edilir.

SİA xəbər verir ki, məlumatı IPN mənbələri təsdiqləyib, lakin hələlik rəsmi qurumlardan heç bir rəsmi açıqlama verilməyib.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti IPN-nin sorğusuna cavab olaraq bu məlumatı nə təsdiq, nə də təkzib edib.

Hadisə ilə bağlı səhər saatlarında bir neçə Telegram kanalı məlumat yayıb. Onun ölkədən çıxarılması barədə qərarın verilməsinə hansı səbəblərin əsas ola biləcəyi hələlik məlum deyil.

İnsident Rumıniyada saxlanılan Moldova Respublikasının İnformasiya və Təhlükəsizlik Xidmətinin (SIS) keçmiş rəis müavini Aleksandr Balanın prokurorlar tərəfindən dindirilməsindən bir gün sonra baş verib.

O, Rumıniya ilə bağlı dövlət sirlərini Belarus DTK əməkdaşlarına açıqlamaqda ittiham olunur.

Rumıniya hakimiyyətinin məlumatına görə, şübhəli şəxs Budapeştdə (Macarıstan) iki dəfə - 2024 və 2025-ci illərdə Belarus Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) əməkdaşları ilə görüşüb.

Onun bu görüşlər zamanı məxfi məlumatları ötürməsi və bunun üçün pul alması barədə “əsaslı şübhə” var.

Çərşənbə axşamı günü baş nazir Donald Tusk, təfərrüatları açıqlamadan Polşanın Belarus casusunu həbs etdiyini və "Belarus dövlətinin Polşaya qarşı təcavüzkar hərəkətlərini dəstəkləyən" diplomatı ölkədən çıxarmağa hazırlaşdığını söylədi.

Bazar ertəsi Çexiya Xarici İşlər Nazirliyi də casusluqda şübhəli bilinən belarus diplomatının ölkədən çıxarıldığını elan edib.

Əli Babayev