"Azərbaycanın tranzit ölkə olması ölkə iqtisadiyyatına həm birbaşa, həm də multiplikativ effektlərlə dividentlər qazandırır. Birincisi, tranzit ölkə olaraq ərazidən keçən nəqliyyat iştirakçılarının ödədiyi rüsumlar və ödənişlər birbaşa dövlət büdcəsinə daxil olur və bu da kifayət qədər ciddi paya sahibdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, Azərbaycanın əlverişli coğrafi mövqeyi və daim inkişaf etdirilən nəqliyyat-logistika infrastrukturu tranzit potensialının genişlənməsinə xidmət edir ki, bu da nəticə etibarilə gəlirlərin artmasına şərait yaradır: "Eyni zamanda, Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunması həm Qərb, həm də Şərq ölkələrinin xarici ticarət marşrutlarını ölkəmiz üzərindən keçirməyə marağını artırır. Bu isə uzunmüddətli və dayanıqlı iqtisadi fəaliyyətin formalaşmasına imkan verir, ölkəmizin regional və beynəlxalq əməkdaşlıqda rolunu gücləndirir.
Multiplikativ təsirlər baxımından tranzit imkanları dəhliz boyunca yerləşən bölgələrdə digər sahələrin, xüsusilə də kiçik və orta biznesin inkişafını stimullaşdırır. Bu proses logistika, xidmət və sənaye müəssisələrinin yaranmasına səbəb olur, iqtisadi fəallığı artırır və məşğulluğu genişləndirir. Bundan əlavə, dəhlizdən istifadə edən sahibkarlar ixrac və idxal əməliyyatlarını daha səmərəli və rentabelli şəkildə həyata keçirmək imkanı əldə edirlər. Bu isə Azərbaycan iqtisadiyyatının ümumi inkişafına əlavə dəyər qatır və ölkənin strateji əhəmiyyətini daha da möhkəmləndirir".