“Yuxarı siniflər üçün artıq böyük xərclər gözlənilmir” - TƏHSİL EKSPERTİ AÇIQLADI

10 Sentyabr 2025 14:11 (UTC+04:00)

"Yeni tədris ili yaxınlaşır və bu məsələdə daha çox ibtidai sinif şagirdlərinin valideynləri xüsusi narahatçılıq keçirir. Xüsusilə birinci sinfə gedənlərin valideynləri bu mövzuda daha həssasdır. Onlar üçün yeni çantaların alınması, həmçinin vahid forma məsələsi nəzərə alınaraq sistem mərkəzləşdirilib, bu səbəbdən xüsusi gərginlik yaşamırlar". Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Onun sözlərinə görə, yuxarı sinif şagirdləri üçün isə geyim məsələsi artıq problem deyil: "Onlar üçün yalnız müəyyən əlavə hazırlıq vəsaitləri və xırda ehtiyaclar mövcuddur ki, bu da yalnız narahatçılıq yaradır. Çantaların alınması və digər dərs vəsaitləri nəzərə alınsa, bütün dərs vəsaitlərinin məktəblərə pulsuz verilməsi valideynləri müəyyən dərəcədə yük götürür.

Sadəcə əlavə vəsaitlərə ehtiyac var ki, bu da hər ailə üçün təxminən 100–200 manat arası xərc deməkdir. Ona görə də hesab edirəm ki, ibtidai siniflərdən yuxarı siniflər üçün artıq böyük xərclər gözlənilmir. Məktəblər tərəfindən təqdim olunan kitablar və digər yardımcı vəsaitlər valideynlərin yükünü azaldır və əlavə xərclərin qarşısını alır.

Qaldı yeniliklərin tətbiqinə, düşünmürəm ki, hər hansı bir dəyişiklik olacaq. Tədris ili ilə bağlı nə regional idarələrdən, nə də Elm və Təhsil Nazirliyindən hələlik rəsmi açıqlama verilməyib. Bu səbəbdən ötən iki illə müqayisədə yeni bir dəyişiklik gözlənilmir və tədris, eləcə də tədrisə yönəlik fəaliyyətlər 2024–2025-ci illərdə əvvəlki kimi davam edəcək".