"Dəhlizin açılması Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirəcək" - POLİTOLOQ ŞƏRH ETDİ

10 Sentyabr 2025 13:45 (UTC+04:00)

"Zəngəzur dəhlizinin açılması bölgə üçün strateji əhəmiyyət daşıyır. Bu dəhliz təkcə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birbaşa və maneəsiz bağlantısını təmin etməklə kifayətlənməyəcək, həm də ümumilikdə Cənubi Qafqaz regionunda sabitliyin və əməkdaşlığın güclənməsinə təkan verəcək". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, ilk növbədə, Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəmir yolu və avtomobil yolu bağlantısını bərpa edəcək:

"İkincisi, bu dəhliz beynəlxalq tranzit layihələri üçün də yeni imkanlar açır. Azərbaycan ərazisindən keçən Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) çərçivəsində Zəngəzur dəhlizi mühüm bir halqa ola bilər. Üçüncüsü, Zəngəzur dəhlizinin açılması regionda təhlükəsizlik arxitekturasının möhkəmlənməsi baxımından da əhəmiyyətlidir. Regional kommunikasiyaların bərpası və qarşılıqlı asılılıq şəraitində əməkdaşlığın genişlənməsi münaqişələrin və gərginliklərin azalmasına səbəb ola bilər. Bu isə uzunmüddətli perspektivdə sülh və sabitliyin təmin olunmasına xidmət edəcək. Nəticə olaraq, Zəngəzur dəhlizinin açılması təkcə bir nəqliyyat layihəsi deyil, həm də geosiyasi və iqtisadi transformasiyanın başlanğıcıdır. Bu dəhliz regional əməkdaşlığın və qarşılıqlı etimadın gücləndirilməsində, eyni zamanda Azərbaycanın strateji mövqeyinin daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq".