İstər şəhərdaxili, istərsə də şəhər ətrafında tıxac gündəlik həyatımızın bir hissəsinə çevrilib. Demək olar ki, hər birimiz ən azı gündə bir neçə saatı tıxaclarda keçiririk. Belə vaxt itirmək adi hala çevrilsə də, gündə 1-2 saat tıxacda qalmaq bizə həm maddi, həm də mənəvi ziyan vurur. Bu problem yalnız insanlarla münasibətimizə təsir etmir, o həm də bir çox xəstəliklərə də səbəb olur.
Maraqlıdır, görəsən, tıxacın insan psixologiyasına təsirləri nədən ibarətdir?
"Böyük şəhərlərdə tıxacların olması labüddür. Şəhər əhalisinin sürətlə artması, avtomobillərin sayının durmadan çoxalması və ictimai nəqliyyat infrastrukturunun bəzi hallarda bu artıma cavab verə bilməməsi tıxac problemini daha da gücləndirir. Tıxaclar təkcə vaxt itkisinə səbəb olmur, həm də insanların gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərir. Bu, bir çox səviyyədə — psixoloji, maddi və fiziki cəhətdən özünü göstərir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, psixoloji baxımdan tıxaclar insanlarda yüksək səviyyədə stress yaradır:
"Saatlarla hərəkətsiz qalmaq, hədəfə vaxtında çata bilməmək, səbr və zaman itkisi insanlarda psixoloji gərginliyə səbəb olur. Bu da öz növbəsində psixosomatik xəstəliklərin artmasına gətirib çıxarır. Xüsusilə, stressə bağlı olaraq həyəcan-təşviş pozuntuları, yuxusuzluq, panik ataklar, depressiya kimi hallar daha çox müşahidə olunur. Bu vəziyyət təkcə şəxsi sağlamlığa deyil, həm də sosial münasibətlərə mənfi təsir edir. Fiziki təsirlər də nəzərəçarpacaq dərəcədədir. Uzun müddət sükan arxasında hərəkətsiz vəziyyətdə oturmaq onurğa problemlərinə, boyun və bel ağrılarına, qan dövranı pozğunluğuna səbəb ola bilər. Bəzi insanlar üçün tıxac zamanı sərf olunan vaxt yorğunluq hissini daha da artırır və nəticədə gün ərzində enerji səviyyələri aşağı düşür".