""Formula-1" yarışlarının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə tanınmasında və müasir imicinin formalaşdırılmasında mühüm rol oynayır. İlk növbədə, bu yarış idman baxımından ölkəmizə böyük faydalar gətirir". Bu sözləri SİA-ya açıqlamasında idman şərhçisi, Azərbaycanın əməkdar jurnalisti Fikrət Adıgözəlli deyib.
Onun sözlərinə görə, dünyanın ən populyar və izlənilən idman növlərindən biri olan "Formula-1" milyonlarla tamaşaçını cəlb edir. Bu, həm yerli gənclərin idmana marağını artırır, həm də Azərbaycanı qlobal idman xəritəsində önə çıxarır: "Belə mötəbər yarışlara ev sahibliyi etmək ölkədə idman infrastrukturunun inkişafını sürətləndirir, turizmi stimullaşdırır və ölkəmizdə keçirilən digər beynəlxalq turnirlərə də bir növ zəmin yaradır. Siyasi və strateji baxımdan isə "Formula-1"in Bakıda təşkil olunması Azərbaycanın dünyaya açıq, modern və qlobal inteqrasiyaya can atan dövlət olduğunu nümayiş etdirir. Bu yarışların keçirilməsi sayəsində ölkəmiz regionda sabitlik və təhlükəsizlik adası kimi tanınır, çünki belə miqyaslı tədbirlərin təşkilinə etimad yalnız etibarlı və güclü dövlətlərə göstərilir. Bundan əlavə, Formula-1 kimi qlobal tədbirlər vasitəsilə Azərbaycan öz mədəniyyətini, tarixini və turizm potensialını dünyaya təqdim etmək imkanı qazanır.
Ümumilikdə, "Formula-1" yarışları ölkəmiz üçün təkcə idman hadisəsi deyil, həm də diplomatik, iqtisadi və mədəni baxımdan çoxşaxəli üstünlüklər gətirən bir platformadır.