Diplom xəstəliyi təhsili və gəncləri məhvə sürükləyir...

10 Sentyabr 2025 12:47 (UTC+04:00)

“Sovet dövründən qalma “gənclər mütləq universitetə qəbul olunmalıdır” stereotipi min təəssüf ki, hazırda daha biabırçı şəkildə davam edir. Həm də cəmiyyətimizi sosial fəlakətə sürükləməklə. Anaların-ataların bir arzusu var: övladım böyüyüb universitetə qəbul olub ali təhsilli, diplomlu gənc olsun. Bircə dəfə də eşitmədim, oxumadım ki, desinlər “övladım böyüyüb yaxşı peşə sahibi, işinin ustası olsun”. Sanki övlad universitetə girib diplom alarsa, ata-ananın arzusunu çin edəcəkmiş. Universiteti kütbeyinliklə “bitirib” lazımsız, heç nəyə yaramayan diplomu künc-bucaqda çürüyən yüzlərlə, minlərlə diplomlu savadsızlar ordusu alaq otu kimi basıb gedir cəmiyyəti...

Ən dəhşətlisi bilirsiniz nədir? Övladları universitetə qəbul olunmayan valideynlərin gənclərə qarşı şiddət və nifrət dolu münasibəti! Məhz bu üzdən tələbə adını qazanmayan bu gənclər sonda intihara və cinayətlərə əl atırlar. Bu, olduqca dəhşətli prosesdir. Sanki universitetə qəbul yeganə hədəf və seçimdir. Ən dəhşətlisi odur ki, valideynlər övladlarının mükəmməl peşə sahibi olmasına heç maraq da göstərmirlər. Halbuki universitetlərə qəbul ola bilməyən hazırkı gənclərin sıralarında kifayət qədər istedadlı, peşə təhsilində uğur qazanacaq gənclər var. Digər baxımdan, hazırda bazarlarda piştaxta arxasında satıcılıq edən savadsız diplomlular yetərincədir. Cəmiyyət üçün lazımlı, yüksək hörmət və gəlir gətirən mütəxəssis yetişdirmək əvəzinə diplom xatirinə savadsız təhsil yolunu tutmaq gec-tez sosial fəlakət yaradacaq. Artıq bu fəlakəti yaşayırıq da.

Bu gün Azərbaycanda öz işinin sahibi olan mükəmməl peşə sahibləri ən çox qazanan və çıraqla axtarılan insanlardır. Çox-çox təəssüf ki, Azərbaycan cəmiyyətində peşə sahibi olan mütəxəssis əvəzinə yalançı diplomlular ordusu yaratmaq “həvəsi” üzündən peşə təhsili də ciddi zərbə almaqdadır. Əlbəttə, düzgün qurulmayan təhsil strategiyası, əmək bazarına uyğun real peşələrin təşviq edilməməsi, sağlam rəqabət mühitinin olmaması peşə təhsilinin inkişafına balta vurur. Əmək bazarının tələbləri göstərir ki, peşə sahiblərinə böyük ehtiyac var, lakin cəmiyyətin bir qismi hələ də bu istiqaməti ikinci dərəcəli sayır. Dövlət proqramları, müxtəlif layihələr və beynəlxalq əməkdaşlıqlar vasitəsilə peşə təhsilinin nüfuzunu artırmaq üçün addımlar atılsa da, valideynlər və gənclər arasında formalaşmış stereotiplər problemin kökündə dayanır.

Digər bir məqama toxunaq. Ötən ilin statistikasına görə, hər il ali məktəblərə qəbul olanların sayı 50 min nəfəri keçsə də, peşə təhsilinə gedənlərin sayı 10 min nəfəri belə çətinliklə aşır. Bu nisbət əmək bazarının tələbləri ilə uzlaşmır və nəticədə yüzlərlə ixtisas üzrə peşəkar çatışmazlığı yaranır.

Digər bir baxımdan, "Təhsil haqqında" Qanunun 22-ci maddəsində peşə təhsili ayrıca pillə kimi təsdiqlənir və orada açıq şəkildə göstərilir ki, peşə təhsili əmək bazarının tələblərinə uyğun kadr hazırlamalıdır. Ancaq qanunda yazılanlarla real vəziyyət arasında boşluq var. Hər il sanki ali məktəbə hazırlıq üçün yarış başlayır. Bunun əksinə olaraq gənclərin diqqətini cəlb etmək üçün peşə təhsilinin keyfiyyətli reklamına rast gəlinmir. Bütün bunlardan kim uduzur? - cəmiyyət olaraq hamımız!

Mətləb Salahov