"İmtahan stresinin öhdəsindən gəlmək bir az qlobal məsələdir. Niyə bu qlobal məsələdir? Bugün deyirlər: “Qəbul imtahanı verirəm, ay stresə düşdüm.” Bu bir az palavra kimi səslənir. Çünki biz həmişə imtahan vermişik. Məktəbdə 9-cu sinif imtahanı, 11-ci sinifdə buraxılış imtahanı olub. Sonra həmin uşaqlar qəbul sınaq imtahanlarına gedirlər. Bu imtahana artıq bir alışqanlıq var". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.
Onun sözlərinə görə, çox psixohəssas insanlar var ki, onlar həddindən artıq həssasdırlar: "Əgər bu müddət ərzində adaptasiya olmayıblarsa, mütəxəssisə müraciət etməlidirlər. Mütəxəssis yanında adaptasiyanı öyrənməlidirlər ki, psixoloji olaraq imtahana gedəndə stresləri azalsın.
Ümumiyyətlə, imtahanın özü təbiəti etibarilə həssaslıq və stres yaradır, bu isə normaldır. Amma imtahana qədər müəyyən sınaq imtahanları keçirilir, məktəbi bitirəndə də imtahanlar olur. Yəni bu artıq adaptasiya olunmalıdır və insan bu qədər də böyük, həyatı dəyişəcək streslər yaşamamalıdır. Əgər yaşayırsa, demək ki, mütəxəssisə müraciət etməlidir. Hər bir insan özünü tanımalıdır, özünü idarə etməyi bacarmalıdır. Özünü stresə salanda nə etməli olduğunu, bədənini, sinir sistemini tanımalıdır. Əgər insan ilk növbədə özünü tanımırsa, özünü idarə edə bilmirsə, qalan bütün problemləri də açıq və asan şəkildə həll edə bilməz".