"Azərbaycanın neft strategiyasının əsası məhz Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qoyuldu. 1994-cü ildə imzalanmış Əsrin müqaviləsi praktiki tərəfdən Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə imkan yaratdı". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, digər tərəfdən bu Azərbaycanın inkişafı üçün yeni imkanların açılması idi:
"Azərbaycan artıq regionun 14 ölkəsinə mavi qaz nəql etməsinə imkan yaratdı. Digər tərəfdən isə Azərbaycan öz valyuta ehtiyatlarını artırdı. Bu gün Azərbaycanın strateji valyuta ehtiyatları 78 milyard dollardır. Eyni zamanda Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, strateji valyuta ehtiyatları ümumdaxili məhsuldan daha çoxdur. Son illər neftdən asılılığın mərhələli şəkildə azalmasını müşahidə edirik. Əgər 2015-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 20%-i qeyri-neft sektorunun payına düşürdüsə, hazırda isə neft gəlirləri qeyri-neft sektorunun gəlirlərinin yarısına bərabərdir. Təbii ki, ixracatda qeyri-neft sektorunun payının azaldılması da əsas hədəflərdəndir. Bu istiqamətdə də qeyri-neft sektorunun ixrac imkanlarının artırılması ilə bağlı yeni proqramlar yaradılır. Azərbaycanın neft strategiyası yalnız enerji sektorunun inkişafı ilə yekunlaşmır, bu strategiya həm də iqtisadiyyatın digər sahələrinin canlanmasına və ölkənin qlobal miqyasda mövqeyinin möhkəmləndirilməsinə yönəlib".