Ölkədə çoxuşaqlı ailələrin sayı niyə azdır? - SOSİOLOQ AÇIQLADI

9 Sentyabr 2025 11:45 (UTC+04:00)

Son illərdə dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda çoxuşaqlı ailə modellərinin sayı nəzərəçarpacaq dərəcədə azalmaqdadır. Əvvəllər ənənəvi olaraq geniş ailə strukturları üstünlük təşkil edirdisə, indi daha çox nüvə ailə modelləri – yəni valideynlər və 1-2 uşaqdan ibarət ailələr – geniş yayılıb. Bu dəyişiklik təkcə sosial münasibətlərə deyil, həm də ölkələrin demoqrafik gələcəyinə ciddi təsir göstərir. Bəs, bu azalma gələcəyə necə təsir edəcək?

Məsələ ilə bağlı sosioloq Lalə Mehralı SİA-ya açıqlamasında bildirib ki, bunun səbəbləri fərqlidir:

"Çünki hər ailə individualdır. Elə ailə var ki, sosial problemlərinə görə bir uşaqla yetinir. Elə ailə də var ki, gəlirlər xərclərinə uyğun deyil. Hər insanın özünə görə haqlı səbəbləri var. Nəticədə isə bu səbəblər demoqrafik artımda durğunluğa səbəb olur. Çoxuşaqlılıq bir millətin gələcəyidir, bir ölkənin sabaha olan təminatıdır. Əslində təbii artım şərtdir. Bununla bağlı statistik göstəricilər açıqlananda artıq doğumla ölüm arasındakı fərq görünür. Nəsil təzələnmir, orta nəsil yenilənmir, doğulanlar azalmır deyə demoqrafik artımda problemlər olur. Yəni əslində bir problem nə qədər problemin təməlini atır. Odur ki, gəncləri çoxuşaqlılığa təşviq etmək lazımdır. Hazırda ölkədə 6 uşağı olan şəxslər çoxuşaqlılıq müavinəti alır. Amma bir çox ölkələrdə 3 uşağa görə bu müavinət verilir. Bu qayda bizim ölkədə də tətbiq edilə bilər".