"Bugünkü gənclərin geyim tərzində maraqlı bir sintez müşahidə olunur: həm Qərb modasının rahat və modern elementləri, həm də Şərq mədəniyyətinə məxsus incəlik və simvolika yanaşı şəkildə özünü göstərir". Bunu SİA-ya açıqlamasında rəssam modelyer Səkinə Əliyeva deyib.
Onun sözlərinə görə, bu qarışıq üslub ilk növbədə onların kimlik ifadəsinin göstəricisidir: "Gənclər geyim vasitəsilə yalnız öz xarici görünüşlərini deyil, həm də daxili dünyalarını, dünyaya baxışlarını əks etdirirlər. Qərb üslubu onlara azadlıq və modernlik imkanı verirsə, Şərq üslubu köklərə bağlılıq və ənənəyə hörmət hissini ifadə edir. Bu ikisinin birləşməsi həm milli dəyərlərə sadiqliyi, həm də qloballaşmaya açıqlığı nümayiş etdirir. Eyni zamanda, bu vəhdət onların zövqünü və estetik baxışlarını da formalaşdırır. Gənclər geyimlərini sadəcə gündəlik ehtiyac kimi görmür, onu yaradıcılıq və fərdiyyət vasitəsinə çevirirlər. Məsələn, qərb üslubunda sadə kəsimli bir geyimin üzərinə Şərq naxışlı aksesuar əlavə etməklə özünəməxsus tərz yaradırlar.
Digər tərəfdən, qarışıq üslub gənclərin cəmiyyətlə münasibətlərinə də təsir edir. Ənənəvi dəyərlərə bağlı olan nəsillər üçün Şərq elementlərinin qorunması müsbət qarşılanır, daha açıqfikirli dairələr isə Qərb üslubunu yenilik və inkişaf əlaməti kimi qəbul edirlər. Beləliklə, gənclər geyim vasitəsilə həm öz fərdiyyətlərini ortaya qoyur, həm də sosial uyğunlaşma əldə edirlər. Nəticə etibarilə, bu qarışıq geyim tərzi sadəcə dəb məsələsi deyil, gənclərin kimlik axtarışının, kök və qloballaşma arasında balans yaratmaq istəyinin təzahürüdür".