"Erməni separatizminin kökü kəsildi" - MÜNASİBƏT BİLDİRİLDİ

9 Sentyabr 2025 11:06 (UTC+04:00)

"2023-cü ilin 19 sentyabr tarixində Azərbaycan Ordusu ərazimizdə yerləşən qanunsuz Ermənistan hərbi birləşmələrinə, eyni zamanda özünü “Qarabağ ordusu” adlandıran terror dəstələrinə qarşı antiterror əməliyyatı həyata keçirdi". Bu barədə SİA-ya siyasi ekspert Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, ermənilər son ana qədər düşünürdülər ki, Azərbaycan onlara qarşı heç bir kəskin addım atmayacaq və Azərbaycanın suverenliyini tanımayacaqlar: "Hətta humanitar yardımın Ağdamdan gəlməsi məsələsini uzun müddət qəbul etmədilər. Nəticədə razılıq versələr də, tələbləri bu oldu ki, yardım Azərbaycan məhsullarından ibarət olmasın, Rusiyadan göndərilsin. Bu isə onların reallıq hissini nə qədər itirdiklərini açıq şəkildə göstərirdi. Onlar güman edirdilər ki, həm beynəlxalq birlik onların arxasında duracaq, həm də Rusiyanın sülhməramlı kontingenti Azərbaycanın addımlarına mane olacaq. Lakin bütün gözləntilərin əksinə olaraq, Azərbaycan hakimiyyəti qətiyyətli addımlar atdı. Qısa müddət ərzində Ermənistandan gələn hərbi birləşmələr tərksilah edildi və Azərbaycan ərazisindən çıxarıldı. Antiterror əməliyyatı böyük uğurla həyata keçirildi.

Əsas məqsəd Azərbaycanın bütün ərazisində dövlət suverenliyini təmin etmək idi. 19 sentyabra qədər Azərbaycan tabeliyində olmayan torpaqlar tam olaraq nəzarətimizə keçdi. Dövlətimizin suverenliyi bərpa olundu. Azərbaycanın qanunlarına tabe olmaq istəməyən və burada qalmaq niyyətində olmayan ermənilər isə dinc şəkildə Ermənistana yola salındılar.

Ermənilər bu addımı atarkən böyük həvəslə düşündülər ki, dünya birliyi onların arxasında duracaq və əvvəlki vəziyyəti qaytarmaq şərti ilə geri dönə biləcəklər. Bu gün də kollektiv şəkildə geri qayıtmaq tələblərini səsləndirməkdə davam edirlər. Lakin düşündükləri baş vermədi. Azərbaycanın dövlət suverenliyi tam təmin olundu. Terrorçu dəstələr və başqa ölkələrin hərbi birləşmələri ərazimizdən çıxarıldı. Daha sonra Rusiyanın sülhməramlı qüvvələri də gözlənilmədən vaxtından əvvəl ölkəmizi tərk etdilər. Uzun illər Azərbaycan üçün böyük problemə çevrilmiş erməni separatizminin kökü kəsildi. Artıq belə bir separatizmin yenidən baş qaldırmasına heç vaxt imkan verilməyəcək".