Çexiya polisi neçə ildir açıq təkərli, görünüşcə “Ferrari F2004”ə bənzəyən avtomobillə ictimai yollara çıxaraq qanunu pozan sürücünü axtarırdı.
Maşın nadir hallarda yollarda görünürdü, amma hər dəfə yol hərəkəti iştirakçılarının təxəyyülünü heyran edirdi. SİA xəbər verir ki, şahidlər ilk dəfə onu 2019-cu ildə videoya çəkmişdilər, 2022-ci ilin yayında isə o, Praqadan Almaniya sərhədinədək hərəkət etmişdi.
Konfiqurasiyadan aydın idi ki, söhbət “GP2” maşınından gedir, sadəcə “Ferrari”yə bənzər rənglərə boyanmışdı. Dünən həmin sürücü yaxalanıb, belə ki, maşını yanacaqdoldurma məntəqəsində görüb, yolunu Praqanın cənub-qərbində yerləşən Buka adlı kiçik şəhərədək izləyiblər. Rəsmi şəxslərin sözlərinə görə, sükan arxasında olan 51 yaşlı kişi həbs olunub.
Çexiya polisinin məlumatında deyilir ki, həmin şəxs şərh verməkdən imtina edib, iş inzibati icraata verilib, onu cərimə və sürücülük hüququndan məhrumetmə gözləyir.