Avrasiyanı velosipedlə keçmək üzrə dünya rekordunu qırmağa çalışan Fransa vətəndaşı Sofiane Sehili Rusiyada saxlanılıb.
SİA xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb. Velosipedçinin saxlanması ilə bağlı məlumatı TASS agentliyinə Primoryenin fövqəladə hallar xidməti təsdiqləyib. “Le Monde”un məlumatına görə, velosipedçi sərhədi qanunsuz keçməkdə şübhəli bilinərək Vladivostokda nəzarətə götürülüb.
O, iki dəfə Çindən Rusiyaya bir-birindən təxminən 200 kilometr aralıda yerləşən iki sərhəd-keçid məntəqəsindən keçməyə cəhd edib.
İkinci cəhddən sonra Sehili saxlanılıb.
Qeyd edək ki, fransız iyulun 1-də Lissabonu tərk edib və Avrasiyanı keçməyi planlaşdırıb və səfərini Vladivostokda başa vurub.
Bu müddət ərzində o, bir çox ölkələri və təbii ki, yolun bir hissəsini Rusiyadan keçib: Gürcüstandan daxil olaraq, ölkəni Həştərxan vilayətində tərk edib, bundan sonra Qazaxıstan, Tacikistan və Monqolustan vasitəsilə səyahətinə davam edib. Sentyabrın 2-də velosipedçi Çindən Rusiyaya gedə bilmədiyini bəyan edib. Bu, 2017-ci ildə Avrasiyanı 64 gün, 2 saat 26 dəqiqəyə qət edən alman Conas Deiçmannın rekordunu qırmaq ehtimalını şübhə altına qoyub.
Sehilinin marşrutunu tamamlamağa təxminən 400 kilometr qalmışdı.
“Le Monde” qeyd etdiyi kimi, Fransa konsulluğu hazırda Sehiliyə kömək etməyə çalışır.
Qeyd edək ki, Sehili 44 yaşındadır. O, sənədli film rejissoru idi, lakin 2012-ci ildə bu işi tərk edərək velosiped sürməyə başladı. O vaxtdan bəri o, 20-yə yaxın çoxkilometrlik yarışda iştirak edib, onlardan 11-də qalib gəlib. Onların arasında Kanadadan Meksikaya qədər 4500 kilometr məsafəyə keçirilən Tour Divide yarışı da var.
Nazlı Almuradova