Sabirabadda “Xan çinar” kafesində nöqsanlar müəyyən edilib - FOTO

5 Sentyabr 2025 17:09 (UTC+04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sabirabad rayonunun M.Şəhriyar küçəsində fəaliyyət göstərən, Rövşən Barat oğlu Şahbazova məxsus “Xan çinar” kafesində yoxlama aparıblar. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, yoxlama zamanı kafedə temperatur rejiminə əməl olunmadığı, emal prosesində istifadə edilən suyun filtrasiyadan keçirilmədiyi, mətbəxdə döşəmə, divar və qida ilə təmasda olan səthlərin təmirsiz olduğu və asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, istifadə edilən alət və avadanlıqların korroziyaya uğradığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.